İdman

gimnastikadan

başlayır

Baş məşqçi: Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər

21 iyul 2016

Baş məşqçi: Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər

“Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda maksimum səy göstərəcəklər” – deyə, bədii gimnastika üzrə Azərbaycan yığmasının Baş məşqçisi Mariana Vasileva Trend-ə deyib.

Onun sözlərinə görə, Azərbaycanı bədii gimnastika üzrə Dünya Kubokunun finalında fərdi birincilikdə komandamızın lideri Marina Durunda, Jalə Piriyeva, eləcə də Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Сelep və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri komandası təmsil edəcək.

Vasileva Azərbaycan gimnastlarının maksimum səy göstərəcəklərini gözlədiyini deyib: "Bu, qrup komandası üçün cari ildə ən əsas yarışdır. İnanıram ki, onlar heç nəyə baxmayaraq, ən güclü komanda olduqlarını göstərəcəklər. M.Durunda üçün bu, Olimpiada ərəfəsində əsas sınaq məşqidir. Çünki o, doğma zalında, şəhərində, ölkəsində tamaşaçıları qarşısında çıxış edəcək və bu, çox məsuliyyətlidir. Jalə Piriyeva isə göstərməlidir ki, gənc yaşına (böyüklər arasında proqramda ilk ildir ki çıxış edir) baxmayaraq, o, güclü və perspektivli gimnastdır".

Baş məşqçi qeyd edib ki, Azərbaycan gimnastlarının bütün proqramları maraqlı və mürəkkəbdir: "Marina həmişə lentlə uğurla çıxış edir. Bu, yəqin Azərbaycan musiqisinin sədası altında çıxış etdiyinə görədir ki, bu da onun çox xoşuna gəlir. Jalə Piriyevanın isə top və gürzlərlə çox çətin proqramları var. Ümid edirik ki, onları uğurla icra edəcək".

M.Vasileva deyib ki, Dünya Kubokunun final mərhələsi çox geniş tərkibli olacaq: "Həm fərdi, həm də qrup hərəkətləri komandalarının yarışlarında güclü idmançılar iştirak edəcəklər. Dünya çempionu Yana Kudryavtseva, eləcə də Marqarita Mamun və Aleksandra Soldatova, tanınmış Rusiya, İtaliya, Bolqarıstan, Çin, Yaponiya və İspaniya yığmaları gələcəklər. Bakıda ən güclü idmançılar iştirak edəcəklər. Çünki bu onlar üçün Rio Olimpiadası ərəfəsində son sınaq məşqləridir".

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi 22-24 iyul tarixlərində Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

Yarışda ümumilikdə 17 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq, Livan gimnastları da çıxış edəcəklər.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

“Trend” İnformasiya Agentliyi, 21 iyul 2016-cı il