16 mart 2017
Bakıdakı Milli Gimnastika Arenası dünyanın ən müasir arenalarından biridir və bura yenidən qayıtmaq insana sevinc bəxş edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Finlandiyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Oskar Kirmes deyib.
O.Kirmes bildirib: "Birinci Avropa Oyunlarında iştirak edərkən artıq Bakıda olmuşam. Bakıdakı arena mənim çox xoşuma gəlir, bu arena dünyanın ən müasir arenalarından biridir və yenidən Bakıya qayıtdığıma çox şadam".
Yarışlardakı çıxışından danışarkən finlandiyalı idmançı qeyd edib ki, ikinci finala da çıxmaq istərdi: "Sərbəst hərəkətlərdə artıq finala çıxmışam, halqalarla hərəkətlərdə də finala çıxmaq istərdim. Düşünürəm ki, pis çıxış etmədim".
Finlandiyalı gimnast iki rotasiyadan sonra kvalifikasiyada üçüncü yeri tutur.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il