İdman

gimnastikadan

başlayır

Batut gimnastikası üzrə Dünya Kuboku çox peşəkar şəkildə təşkil olunub - FIG Texniki Komitəsinin üzvü

13 fevral 2022

Batut gimnastikası üzrə Dünya Kuboku çox peşəkar şəkildə təşkil olunub - FIG Texniki Komitəsinin üzvü

Bu barədə Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Tatyana Şuiskaya bildirib.

"Texniki nümayəndə kimi mən son üç ay ərzində yerli təşkilat komitəsi ilə çox fəal əməkdaşlıq etmişəm. Azərbaycan Gimnastika Federasiyası yarışı çox peşəkarcasına təşkil edib, yerli təşkilat komitəsi həmişə bütün qaydaları dərindən araşdırır, könüllülər də yaxşı hazırlanıblar. Deyə bilərəm ki, kubok həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub. Azərbaycan Gimnastika Federasiyasına çox təşəkkür edirəm ki, belə yarışlar keçirir, məhz belə təşkilatçıları gözləyirik, bizə belə təşkilatçılar lazımdır", - deyə o qeyd edib.

Azərbaycan gimnastı Selcan Maqsudovanın hazırlıq səviyyəsindən danışan Tatyana Şuiskaya onun çox güclü idmançı olduğunu vurğulayıb:

"O, gənc, güclü idmançıdır, onun böyük imkanları və potensialı var. Ümid edirəm ki, o, bu yarışlarda özünü tam şəkildə reallaşdıra biləcək".

Batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü vurğulayıb ki, qaydalardakı dəyişikliklərlə əlaqədar yarışın formatı dəyişib:

"Bu ildən idmançılar əvvəllər batut gimnastikasında olmayan imkan əldə ediblər. Əvvəllər, məsələn, gimnast məşq zamanı yıxılırdısa, o, yarışdan kənarlaşdırılırdı. İndi təsnifat mərhələsindəki o, iki hərəklərinin ən yaxşı nəticəsinə görə növbəti mərhələyə keçir".

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.