İdman

gimnastikadan

başlayır

Slovakiyalı gimnast: “Əsas məqsədim Yay Universiadasında iştirak etməkdir”

16 fevral 2022

Slovakiyalı gimnast: “Əsas məqsədim Yay Universiadasında iştirak etməkdir”

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə Slovakiya yığma komandasının üzvü Adriana Timkova ilə müsahibəni təqdim edir.  
Adriana, Azərbaycana xoş gəlmisiniz. Özünüz barədə oxucularımıza bir qədər məlumat verərdiniz.
Mənim 19 yaşım var. Mən Slovakiyada yaşayıram, amma Çex Respublikasında anadan olmuşam. 7 yaşımdan gimnastika ilə məşğul oluram. Məni bu növə valideynlərim yazdırıblar. Təsadüf nəticəsində idmana gəlsəm də, sonradan bu sahədə bir sıra uğurlara imza atmışam. 
Azərbaycanda keçirilən məşqlər barədə fikirlərinizi bilmək istərdik.
Buradakı məşqlərdə iştirakımda əsas məqsəd idman formamı saxlamaq və alətlərlə texnikamı təkmilləşdirməkdir. Hazırda dünyada COVID-19 pandemiyası ilə əlaqədar çətin vəziyyət mövcuddur. Azərbaycanda məşq üçün yaxşı imkanlar, peşəkar məşqçilər var. 
Arenadakı şəraiti necə dəyərləndirirsiniz? 
Bura mənim çox xoşuma gəlir. Əla şərait var. Tavan hündürdür, çoxlu məşq xalçaları, məşqçilər, bizə örnək olacaq kifayət qədər peşəkar gimnastlar var. 
Qarşıda hansı planlarınız var? 
Həmişə bir məqsədim olub: özümü təkmilləşdirmək, öz üzərimdə daha çox işləmək. Məhz buna görə bura gəlmişəm. Bu il isə mənim əsas məqsədim Yay Universiadasında iştirak etməkdir.