13 fevral 2020
Milli Gimnastika Arenasını çox sevirəm, buranın çox rahat zal var. Bunu batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, Olimpiya çempionu, çinli gimnast Donq Donq deyib.
O bildirib ki, əvvəllər bu arenada çıxış edib:
“Milli Gimnastika Arenasında mehriban mühit hökm sürür. Yarışlara hazırlıq üçün bütün şərait yaradılıb. Ümid edirəm ki, yaxşı nəticələr əldə edərək Dünya Kubokunun qalibi olacağam. İdmandan əvvəldən proqnoz vermək çətin olsa da, mən qələbəyə inanıram”.
Çinli gimnast bildirib ki, əsas rəqibləri olaraq öz komanda yoldaşlarını görür:
“Qao Ley çox güclü gimnastdır, bundan başqa, Rusiyadan da güclü rəqiblər var”.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 15-16-da Bakıda baş tutacaq.
30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki turnir 2020-ci Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.