16 yanvar 2018
"Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən məşqçilik kursları çox səmərəli oldu", bunu jurnalistlərə rusiyalı məşqçi, Dünya və Avropa çempionu Yana Lukonina deyib. Onun sözlərinə görə, məşqçilər bu kurslarda yeni çox şeylər öyrənib:
"Bizi indi imtahanlar gözləyir. Fikrimcə, ən çətini nəzəri imtahanlar, xüsusilə anatomiya üzrə suallar olacaq. Gimnastika elementləri ilə bağlı suallara cavab vermək daha asan olacaq, çünki biz bunları əzbər bilirik".
Öz məşqçilik fəaliyyətindən danışan Y. Lukonina qeyd edib ki, onun yetirmələri bir sıra uğurlar qazanıb: "Mən artıq altı ildir ki, məşqçiyəm. Mənim gimnastlarım ölkə daxilində nəticələr əldə ediblər. Biz artıq bir neçə dəfə Rusiya Birinciliyində qalib gəlmişik. Ona görə fikirləşirəm ki, məşqçi işləmək daha asandır, çünki sən hər şeyi gimnast olduğun vaxtla müqayisədə daha yaxşı başa düşürsən".
Y. Lukonina əlavə edib ki, uzun fasilədən sonra Bakıya yenidən gələndə şəhəri tanımayıb: "Mən Bakıda 10 il əvvəl olmuşdum və dünən şəhərə çıxanda onu tanımadım. Hər şey çox gözəldir, şəhər bir tərəfdən Dubayı xatırladır. Bizim üçün də yaxşı şərait yaradılıb. Biz çox məmnunuq".
Qeyd edək ki, bədii gimnastika məşqçilərı üçün FIG Akademiyasının ekspertləri tərəfindən təşkil olunmuş yüksək səviyyəli, üçüncü dərəcəli məşqçilik kursları yanvarın 8-dən başlayıb. Kurslarda həmçinin Rusiya, Ukrayna və Bolqarıstandan olan məşqçilər iştirak edirlər.