24 dekabr 2014
Ötən il Milli Gimnastika Arenasının sonuncu ziyarətçilərindən biri Çexiya nümayəndələri oldu. Məşqçi Yarmila Zaytsova öz yetirmələri ilə birgə bədii gimnastika üzrə təlim-məşq toplanışlarında iştirak etmək üçün Bakıya gəliblər. Federasiyanın mətbuat xidməti Çexiyalı məşqçi ilə məşqlərdən qalan boş zamanda həmsöhbət oldu.
- Bildiyimiz qədər sizin Bakıya ilk səfəriniz bədii gimnastika üzrə 30-cu Avropa Çempionatı zamanı olub.
- Bəli, mən bura Çexiyanın yunior yığma komandasının məşqçisi kimi gəlmişdim. Bura mənim çox xoşuma gəlmişdi, idman zalı, şərait möhtəşəmdir. Biz “İdmançılar Kəndi”ndə qalırdıq, orda da hər şey mükəmməl idi. Bütün bunlar məni çox ruhlandırdı. Yarışın təşkilini də bəyənmişdim. 2013-cü ildə mən Vyanada qitə birinciliyində olmuşdum, əlbətdə Bakıda tamam fərqli idi. Mən burda özümü evdəki kimi hiss edirəm, burda hər şey xoşuma gəlir. Buna görə də məşqlər üçün məhz Bakını seçdik.
- Ümid edirik ki, bizim kollektivlə işləmək də sizin xoşunuza gəlir.
- Şübhəsiz xoşuma gəlir. Çünki, kollektivinizin hər bir üzvü bir-birinə hörmət edir və birgə işləyirlər. Düşünürəm ki, məhz bu keyfiyyətlər sizin ölkədə bədii gimnastika səviyyəsini qaldırır və məhz buna görə siz yaxşı nəticələr göstərirsiniz. Bundan əlavə sizin məşqçi heyyəti bizə yeni şeylər öyrənməkdə çox kömək edirlər.
- Yarmila, bəs bu dəfə Bakıya kimlə gəlmisiz?
- Mən özümlə 3 gimnastı gətirmişəm, onlardan ikisi mənim yetirməm, biri isə Xorvatiyadandı, biz onlarla birgə işləyib, gimnastları birgə hazırlayırıq.
- Yaxın gələcək üçün sizin hansı planlarınız var?
- Biz hazırda gələn ilin mart ayında keçiriləcək Çexiya çempionatına hazırlaşırıq. Həmçinin, yuniorlardan ibarət qrup hərəkətləri komandasını Minskdə keçiriləcək Avropa Çempionatına hazırlaşdırıram.
- Avropa Oyunlarına necə?
- Bizim gimnastımız Monika Miçkova bu oyunlarda ölkəni təmsil etmək hüququ alıb. Lakin təəssüf ki, onun məşqçisi olmadığıma görə mən gələ bilməyəcəm.
- Paytaxtda gəzmək imkanınız oldumu?
- Bəli, Şirvanşah sarayında olduq, qədim şəhərdə gəzdik, Kristal Zalı və Bayraq Meydanını gördük. Şəhər çox xoşuma gəldi.
- Bura gəlməyi yenidən planlaşdırırsınızmı?
- Bəli, qrup komandasını Avropa Çempionatına hazırlaşdırmaq üçün yanvarda yenidən gəlmək istəyirik.
- Sizi gözləyəcəyik!
- Təşəkkür edirəm.