06 fevral 2016
Serbiya məşqçisi Dara Terziç: Bütün həyatımı gimnastikaya sərf etmişəm, lakin heç vaxt belə bir hiss keçirməmişəm
“Serbiya məşqçisi Dara Terziç bu yaxınlarda Bakıda Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışlarında iştirak etmişdir. Fasilə zamanı Azərbaycan Gimnastika Federasiyasının mətbuat ximdəti Dara Terziçlə səmimi söhbət edib.”
Bu Sizin Azərbaycana ilk səfərinizdir? Ölkə haqqında təəssuratlarınızı bizimlə bölüşməyinizi istərdik.
“Qəribədir, lakin bu mənim Azərbaycana ilk səfərimdir. Təəssüflər olsun ki, mən Bakıda keçirilən bir çox irimiqyaslı yarışları ötürmüşəm. Ölkəniz haqqında çox gözəl təəssüratlarım var. Burada çox yaxşı qurulmuş iş sistemi mövcuddur və bu prosesə çoxlu insan cəlb olunub. Hər kəsin öz işini çox yaxşı bacardığını görürəm.”
Arena necə, xoşunuza gəldimi?
“Milli Gimnastika Arenası mənim çox xoşuma gəldi. İlk dəfə onu internet və TV-də görmüşdüm. Öz təəssüratlarımı bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vaileva ilə bölüşdüm. Əvvəllər peşəkar gimnast olmuşam və demək olar ki, bütün həyatım idman zallarında keçib. Mənim üçün bu, möhtəşəm bir arenadır və işləmək üçün çox gözəl yerdir. Ölkənizdə maliyyə resursları ilə yanaşı, gimnastikanın inkişafı üçün göstərilmiş səylərə heyran qaldım. Lakin məni daha çox burada həvəslə çalışan qızlar heyran etdi. Möhtəşəm bir iş mühitiniz var. Heç kim dayanmır, hər kəs yüksək templə və çox yaxşı çalışır. Bura yüksək texnologiyalı fabrikə bənzəyir. Hər yerdə səylə çalışan çoxlu sayda qızlar gördükdə mən çox təsirləndim. Bütün həyatımı gimnastikaya sərf etmişəm, lakin heç vaxt belə bir hiss keçirməmişəm.”
Siz 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında iştirak etmisiniz. Bir gimnast kimi bizimlə təcrübənizi bölüşə bilərsinizmi?
“Bəli, mən təqribən 28 il öncə Olimpiya Oyunlarında iştirak etmişəm. O zaman başqa bir dövr idi və indiki Serbiyada idman çox inkişaf etmişdi. Mən orada iştirak etdiyim üçün çox xoşbəxtəm və bu, bizim üçün böyük təcrübə idi. Olimpiya Oyunları xüsusi bir aləmdir. Düşünürəm ki, sizin milli komandadakı qızların dünyanın ən yaxşıları sırasında olmaq və Olimpiya Oyunlarında iştirak etmək üçün çox böyük şansları var. Olimpiya Oyunlarından sonra heç kim özünü əvvəlki kimi hiss etmir. O, hər kəsin həyatında xüsusi bir iz buraxır.”
Serbiyadakı fəaliyyətiniz haqqında eşitmək maraqlı olardı.
“Mən əvvəllər Serbiyanın milli komandasının məşqçisi kimi fəaliyyət göstərmişəm. İndi isə mənim 600 gimnastı bir araya gətirən “Palilula” adlı öz klubum var. Bu çox böyük bir klubdur və gimnastikaya sərf etdiyimiz bütün maliyyə vəsaitlərini biz özümüz qazanmalıyıq. Bütün bu illər ərzində gimnastlarım Serbiyanın ən yaxşı gimnastlarından biri olublar. Lakin çox çətindir, çünki əgər sən nəsə əldə etmək istəyirsənsə, bunu özün etməlisən və kənardan başqa heç bir köməklik görmürsən. Ona görə də, Azərbaycan hökumətinin idmanda yaxşı nəticələr əldə etmək üçün gözəl şərait yaratdığı bir məkanda olmaq mənim üçün böyük təəssüratdır. Siz belə bir idman qurğusu və şəraitə sahib olduğunuz üçün çox şanslısınız.”
Gələcək planlarınız haqda eşitmək istərdik.
“Hal-hazırda, şəxsən mənim xüsusi planım yoxdur. Sadəcə gimnastlarla çalışmaqdan zövq alıram. Ölkənizdə gimnastika üçün yaradılmış şəraiti yüksək dəyərləndirirəm, çünki, bizim ölkədə fərqli bir sistem mövcuddur. Həmçinin idmançıların gimnastikaya sərf etdikləri enerjini çox qiymətləndirirəm. Bizim gimnastlarımız məktəblərdə ən yaxşı şagirdlərdirlər. Onlar çox ağıllı və yaxşı təhsillidirlər. Ölkə onların yüksək səviyyədə gördüyü işi çox dəyərləndirir. Düşünürük ki, onlar bizim idmanın gələcəyini xilas edəcəklər və bunu etmək üçün bizim böyük enerji və səylərə ehtiyacımız var.”
Gənc gimnastlara nə tövsiyə edərdiniz?
“Mənim gimnastlara tövsiyəm odur ki, səbirli olsunlar və Milli Gimnastika Arenasında yaradılmış şəraitin dəyərini bilsinlər. Düşünürəm ki, onlar üçün xüsusi şərait yaradılıb və onların çox yaxşı məşqçiləri var, xüsusən də bədii gimnastika üzrə milli komandanın Baş məşqçisi Mariana Vasileva. Onu 15-20 ildir ki, tanıyıram. Mənim hamıya məsləhətim odur ki, enerjinizi özünüzə saxlamayın. Mariana Vasileva kimi bunu ətrafdakılar ilə bölüşün. Nə qədər çox səy göstərsəniz, daha çox əldə edəcəksiniz.”