06 fevral 2014
Türkiyənin bədii gimnastika yığması Bakıda təlim-məşq toplanışındadır. Komanda üçün hazırkı mövsüm bir çox cəhətlərdən xüsusi olacaq, çünki qardaş ölkənin gimnastları dünya çempionatına hazırlaşırlar.
Bu il dünya birinciliyi İzmirdə keçiriləcək. Ona görə də Bakıda keçiriləcək Avropa çempionatında iştirak etməyə hazırlaşan mundialın gələcək sahibləri evdəki yarışı daim yadda saxlayırlar.
Hazırlığın xüsusiyyətləri, Milli Gimnastika Arenasındakı məşq zalından təəssüratlar və bir çox başqa şeylər barədə Türkiyə millisinin baş məşqçisi Demet Tetik danışıb.
- Sizdə yəqin ki, bu ilin dünya və Avropa bədii gimnastikasının əsas hadisənin iki qardaş dövlətdə - Azərbaycanda və Türkiyədə keçirilməsi barədə fikirlər olub?
- Bəli, gələcək dünya və qitə çempionatlarının ölkələrimizdə keçirilməsi bunu bir daha sübut edir. Beynəlxalq təqvimə baxarkən Bakının və İzmirin mövsümün əsas yarışlarını qəbul edəcəklərini görmək xoşdur. Təbii ki, bu, qarşıya bir çox öhdəliklər qoyur, ona görə hazırlığa bütün qüvvələr səfərbər edilib. Hər iki yarış eyni dərəcədə əhəmiyyətlidir, buna görə "Avro 2014"-ə çox ciddi hazırlaşırıq və sonra ev mundialı planına düzəlişlər edəcəyik.
- Kimi öz yığmanızın lideri adlandıra bilərsiniz?
- Bu, bir çox beynəlxalq yarışlarda iştirak etmiş Elif Zeynəb Çelepdir. Məhz o komanda üzrə digər rəfiqələri ilə birlikdə Bakıda məşqlərə başlayıb. Sizin paytaxtınızda hazırlığın cəmi bir həftə davam edəcəyinə baxmayaraq, bunun komandaya çox şey verəcəyinə ümid edirik. Xüsusilə Milli Gimnastika Arenasını nəzərə alsaq, orada məşq etmək yalnız zövq verir.
- Məşqlərin keçirildiyi şərait əvvəlkilərdən nə dərəcədə fərqlənir?
- Bu, bizim Azərbaycana ilk səfərimiz deyil, amma bizim məşq etdiyimiz kompleks sadəcə heyranedicidir. Həm də burada biz dostlarımızın əhatəsindəyik. Sizin gimnastlarınız, məşqçilər, xüsusilə yığmanızın rəhbəri, bizə çox kömək edən Mariana Vasileva ilə görüşmək çox xoş idi.
- Bakıdakı toplantıların nisbətən qısamüddətli olması nə ilə əlaqədardır?
- Biz buna qədər də Azərbaycanda olmuşuq və daha çoxsaylı tərkibdə gəlmişik. Amma indi nəzərdə tutduğumuz gimnastların hamısını gətirə bilmədik, çünki tədris ilinin ən qızğın vaxtıdır. Və indi idmançıları toplantıya gətirmək asan deyil. Bizdə Azərbaycanda olduğu kimi gimnast şagirdlərin istənilən işlə məşğul ola və eyni zamanda məşq edərək beynəlxalq arenada uğurla çıxış edə biləcəyi sistem yoxdur. Odur ki, bu planda bizim qəbul edəcəklərimiz var.
- Avropa çempionatı ilə bağlı hansı məqsədlər var?
- Mümkün qədər daha yaxşı çıxış etməyə çalışacağıq. Hərçənd ki, yeniyetmələrin kifayət qədər təcrübəsi yoxdur və yüksək yerlər uğrunda mübarizə aparmaq çətin olacaq. Planetin aparıcı gimnastları əsasən Avropada cəmləşiblər, ona görə də rəqabət dünya çempionatına yaxın olacaq.
- Bəs ev sahibliyi edəcəyiniz dünya çempionatına gəldikdə, azarkeşlər qarşısında çıxış etməyə psixoloji cəhətdən hazırsınızmı?
- İş gedir, indiki məqamda yarışların keçiriləcəyi zal hazırlanır. Plana uyğun hazırlaşırıq, lakin əvvəlcə qitə birinciliyində özünü göstərmək, sonra isə mundial barədə fikirləşmək lazımdır.