İdman

gimnastikadan

başlayır

DMİTRİ POLYARUŞ: BATUTDA ƏSAS TƏHSİL VƏ TƏRBİYƏDİR

07 yanvar 2014

DMİTRİ POLYARUŞ: BATUTDA ƏSAS TƏHSİL VƏ TƏRBİYƏDİR

2014-cü ilin əvvəlində Azərbaycan Gimnastika Federasiyası üçün ən yaddaqalan hadisə Beynəlxalq Gimnastika Federasiyasının Batutda tullanma üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruşun Bakıya gəlməsi olub. ABŞ-ın Yeni Orlean şəhərinin yaxınlığında yerləşən Lafaet şəhərciyində yaşayan Belarus təmsilçisi altıqat dünya çempionu, Avropa birinciliklərinin yeddiqat qalibi və 20 dəfə Dünya Kubokunun sahibidir.

Bakıda beynəlxalq hakim kursları keçən Polyaruş batutda nəyin əsas olmasından, binaların işıqlarına vurulmasından və doyunca Azərbaycan mətbəxinin dadına baxmasından danışıb.

- Dmitri, kurslar necə keçdi?

- Hər şey gözəl və mütəşəkkil keçdi. Texniki Komitədə karyeram dövründə bu, artıq mənim interkontinentallarla birlikdə keçirdiyim üçüncü beynəlxalq kursdur. Biz habelə Bakıda məşqçi kurslarının keçirilməsi barədə razılığa gəlmişik, amma bu gələcəkdə olacaq. Sizin federasiya birləşmiş komandaya malikdir, bu isə artıq istənilən uğurlu başlanğıcın rəhnidir.

- Son vaxtlar batutun populyarlıq tendensiyası nə qədər dəyişib?

- Bilirsinizmi, ölkələrin əksəriyyəti məhz batutu təbliğ etməyə başlayıblar. Buna İran, Kolumbiya, Türkiyə və Azərbaycan aiddir. Axı bu, idmanın, deyək ki, qurğuların vacib olduğu idman gimnastikası kimi o qədər də bahalı növü deyil. Əsasən batut özü və 8-10 metr hündürlükdə zalın olması lazımdır.

- Yəqin ki, Azərbaycanda batutun inkişafı barədə danışmaq hələlik tezdir...

- Hələlik bəli. Amma siz artıq Dünya Kuboku mərhələlərində iştirak edirsiniz, azərbaycanlı Ruslan Ağamirov ötən il Sofiyada keçirilən dünya çempionatında iştirak edib, hakimlər üçün hazırkı kurslar təşkil olunub. Necə deyərlər, hər şey birdən olmur. Batutda başlıcası təhsil və tərbiyədir. Yüksək səviyyəli idmançının hazırlanması üçün 8-10 il vaxt tələb olunur, ən yüksək həddə 20-22 yaşda nail olunur.

- Milli Gimnastika Arenasında yerləşən gimnastlar üçün yeni məşq zalı idman ustalığının artırılması üçün bütün imkanlara malikdir...

- Mən orada oldum və sadəcə olaraq, mənim heç bir sözüm yoxdur. Amma yox, ikisi var - o qəşəngdir! Bu cür və belə şəraiti olan zal bütün növlərdən xəbərdar olan mütəxəssisə inanın, hər yerdə yoxdur.

Bizdə, ABŞ-da bu il batut üzrə dünya çempionatı keçiriləcək. Lakin tədbir, demək olar ki, hər gün konsert və digər komanda yarışlarının keçirildiyi Nyu-Yorkda və Vaşinqtonda deyil. Məşhur Medison Skver Qardenin bir günü 150 min dollara icarəyə götürülür. Tədbirin Dayton Biç kurort şəhərində keçirilməsi qərar alınıb, yayda orada istirahət mövsümüdür, noyabrda isə hamı uçan gimnastlara tamaşa etməyə gedir.

- Bakı da kurort şəhəridir, harada olmağa macal tapmısınız?

- Bir çox yerlərdə. Köhnə şəhər öz gözəlliyi ilə heyran edir, bütün binaların aşağıdan işıqlandırılması valeh edir, haradasa adamların mehriban və qonaqpərvər olmaları sevindirir və əlbəttə ki, sizin mətbəx.

- Gələn ilin yayında Bakıda I Avropa Oyunları keçiriləcək. Beynəlxalq Federasiyanın Texniki Komitəsinin üzvü kimi oyunlarda hər hansı iştirakı qəbul edəcəksinizmi?

- Bu Oyunlar zamanı batut üzrə turnirin təşkili və keçirilməsi Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzərinə düşür. Prinsip etibarilə, beynəlxalq təşkilat yarışların gedişinə nəzarət etməlidir. Və əgər mənim iştirakıma və tövsiyəmə hansısa ehtiyac yaranarsa, mən iki əllə tərəfdar olacağam.