İdman

gimnastikadan

başlayır

DORA VOŞ: AZƏRBAYCAN MİLLİSİ İLƏ MƏŞQLƏR ÇOX QİYMƏTLİ TƏCRÜBƏDİR

09 iyul 2013

DORA VOŞ: AZƏRBAYCAN MİLLİSİ İLƏ MƏŞQLƏR ÇOX QİYMƏTLİ TƏCRÜBƏDİR

 Hazırda gimnastların bütün diqqəti mövsümün ən əsas yarışı olan avqustda Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya çempionatına yönəldilib. Macarıstan millisinin lideri Dora Voş Bakıdakı məşqlərindən, öz planlarından və gimnastlarımızla dostluğundan danışıb.

- Dora, Bakıdakı məşqləriniz necə keçir?

- Hər şey çox gözəldir. Xüsusilə, uzun müddət tanıdığın idmançılar arasında hazırlaşmaq daha da xoşdur. Bundan başqa, Azərbaycan bədii gimnastika məktəbinin səviyyəsi bütün dünyaya məlumdur və ona görə də buradakı məşqlər çox məhsuldardır. Eyni zamanda, mən Bakıda keçirilən iki Avropa çempionatında çıxış etdiyimdən Azərbaycan paytaxtı mənə yaxşı tanışdır.

- Bu idman növü Macarıstanda nə dərəcədə məşhurdur?

- Birmənalı cavab verə bilmərəm. Millimin lideri olmağıma və Macarıstanda gimnastikaya kifayət qədər davamlı marağa baxmayaraq, beynəlxalq aləmdə uğurlara nail olmaq o qədər də asan deyil. Burada isə qısa zaman ərzində bədii gimnastika da daxil olmaqla idman sahəsində aparıcı ölkələrdən birinə çevrilən Azərbaycan nümunəsi təqdirəlayiqdir.

- Yəqin ki, məhz Bakıda Kiyevdə keçiriləcək dünya çempionatında çıxış üçün bazanın təməlini qoyursunuz...

- Sözsüz. Yarışların başlamasına elə də çox vaxt qalmayıb və buradakı hər bir məşq ümumi hesaba yazılır. Mənə çox kömək edən Azərbaycan millisinin baş məşqçisi Mariana Vasilevaya öz təşəkkürümü bildirirəm. Ümumiyyətlə, mən onun bu gün dünyada ən yaxşı məşqçilərdən biri olduğunu hesab edirəm. Mənim üçün onun qeydləri çox önəmlidir və Bakıdakı təlim-məşq toplanışı dünya çempionatı öncəsi hazırlığımı yaxşılaşdırmağa kömək edəcək.

- Azərbaycan millisindən xüsusilə kimlərlə dostlaşmısınız?

- Bütün qızlar çox gözəldir və biz bir-birimizi xeyli vaxtdır ki, tanıyırıq. Mənim Marina Durunda, Lalə Yusifova, Gülsüm Şəfizadə ilə yaxşı münasibətim var, o cümlədən Siyana Vasileva ilə də çox mehribanam.

- Bilirsiniz ki, gələn il Bakıda üçüncü dəfə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bundan əlavə, Azərbaycan 2019-cu ildə dünya çempionatına ev sahibliyi etmək hüququ əldə edib. Yəni sizin bizim paytaxtımıza daha sıx səfər edəcəyinizi gözləmək olarmı?

- Bəli və bu çox gözəldir. 2014-cü ildə mən qitə birinciliyinə mütləq gələcəyəm, dünya çempionatına gəldikdə isə bu çətin olacaq. Çünki 2019-cu ildə mənim 30 yaşım olacaq, ona görə də Bakıdakı dünya çempionatına qədər gimnast karyeramı başa vuracağam.

- Kiyevdə keçiriləcək dünya çempionatında Azərbaycan millisinin şansları haqqında nə düşünürsünüz?

- Fikrimcə, Lalə Yusifova və Marina Durunda bütün finallara çıxacaqlar və medallar uğrunda mübarizə aparmağa cəhd edəcəklər. Qrup hərəkətləri üzrə komandaya gəldikdə isə onları da final "səkkizliy"ində görürəm.

- Bəs sizə gəldikdə?

- Hesab edirəm ki, çempionatın yekunlarına görə ən yaxşı 14 idmançı siyahısına daxil olsam, çox əla olar. Bu, minimum hədəfdir.