İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyası tədbirlərin təşkilinin öhdəsindən mükəmməl şəkildə gəlir - FIG

30 avqust 2018

Azərbaycan Gimnastika Federasiyası tədbirlərin təşkilinin öhdəsindən mükəmməl şəkildə gəlir - FIG

Beynəlxalq Gimnastika Federasiyası (FIG) hər zaman böyük məmnuniyyətlə Bakıda müxtəlif tədbir və yarışlar təşkil edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə FIG-nin baş katibinin müavini Nikolya Boumpeyn deyib.

O qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası öz vəzifəsini sadəcə möhtəşəm yerinə yetirir: "Bu federasiyanın gimnastika tədbirlərinin keçirilməsi üçün çox gözəl infrastrukturu və əla təşkilatçılıq qabiliyyəti var. Biz növbəti dəfə bura gəldiyimizə görə çox şadıq".

N.Boumpeyn bildirib ki, cari səfər Bakıda FIG Konqresinin təşkili məsələləri ilə bağlıdır:

"Bildiyiniz kimi, noyabrın axırı, dekabrın əvvəllərində Bakıda FIG-nin Konqresi keçiriləcək, burada bir çox maraqlı məsələlər müzakirə olunacaq. FIG-nin prezidenti Morinari Vatanabe müxtəlif cinayət və səhvlərdən əziyyət çəkən gimnastlara yardım məqsədilə müstəqil fond yaratmaq istəyir. Bu, Konqresin əsas mövzularından biri olacaq. Bundan başqa, Konqresin qarşısında parkur idman növünün gimnastika növlərinin siyahısına daxil edilməsi məsələsinin qaldırılması dayanır. Açığı, parkurun Bakıda populyar olub-olmadığını bilmirəm. Həmçinin bir sıra təşkilati məsələlər həll olunacaq".

Qeryd edək ki, Yaponiyanın paytaxtı Tokioda FIG-nin seçki xarakterli 81-ci Konqresində qəbul edilmiş qərara əsasən, növbəti toplantının təşkili ilk dəfə Azərbaycan Gimnastika Federasiyasına tapşırılıb.

2018-ci ilin 2-3 dekabr tarixində Bakıda təşkil olunacaq FIG-nin ali orqanı sayılan Konqresində sözügedən quruma üzv olan federasiyaların nümayəndələri və Şura üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, 2017-ci ildə paytaxtımız FIG-nin Şura iclasını da qəbul etmişdi.