İdman

gimnastikadan

başlayır

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Olimpiadaya seçim üçün vacibdir

03 mart 2016

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Olimpiadaya seçim üçün vacibdir

“Batut gimnastikası üzrə Dünya Kuboku Rio-de-Janeyro Olimpiadasında iştirak etmək üçün komandanın tərkibinin müəyyənləşdirilməsi baxımından çox vacibdir”, bunu Trend-ə müsahibəsində turnirdə iştirak etmək üçün Bakıya gəlmiş Avstraliya yığmasının Baş məşqçisi Bred Tomas Ostin deyib.

“Gimnastların yüksək səviyyədə çıxış edəcəyini gözləyirəm. Belə yarışlar idmançıların reytinqi və Olimpiadaya potensial seçim baxımından çox vacibdir. İdmançılarımızın hamısı ölkəni layiqincə təmsil etməyə hazırdır. Hesab edirəm ki, medal qazanmaq əsas deyil – ən əsası layiqli və yüksək səviyyədə çıxış etməkdir. Bununla yanaşı, ümid edirəm ki, idmançılarımız mükafatçılar sırasına düşə biləcəklər. Əsas rəqiblər arasında həmişə yaxşı nəticə göstərən Rusiya komandasını göstərmək olar. Eləcə də, yaponiyalı idmançıları və Belarus komandasını qeyd edərdim”, deyə Baş məşqçi bildirib.

B.Ostin vurğulayıb ki, şəhəri görmək və Azərbaycanla yaxından tanış olmaq çox maraqlı olardı.

“İlk dəfədir Azərbaycandayam və bu ölkəyə gəlmək mənə çox maraqlı gəlirdi. Hesab edirəm ki, Azərbaycan Avstraliyadan fərqlənir”, deyə o qeyd edib.

Martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

“Trend” İnformasiya Agentliyi, 1 mart 2016-cı il