16 mart 2017
Bakıdakı Milli Gimnastika Arenası mənim indiyə qədər çıxış etdiyim ən yaxşı stadiondur.
Bunu Trend-ə yunan gimnastı, Olimpiya çempionu və Birinci Avropa Oyunlarının qalibi Elefterios Petrunias deyib.
O, iki ildən sonra yenidən burada olmaqdan məmnunluq duyduğunu bildirib: “Mənim bu arena ilə bağlı xoş xatirələrim var. Mən məhz burada Birinci Avropa Oyunlarının qalibi olmuşam. Turnir ərəfəsində çox həyəcanlıyam. Bu, nüfuzlu yarışdır, təşkilatçılıq isə Bakıda hər zaman yüksək səviyyədədir”.
Gimnast özünün yaxşı formada olduğunu hesab edir: “Mən burada Riodakından daha yaxşı çıxış etmək istəyirəm. Görək, necə olacaq. Zalda işıqlandırma əvvəlkilərdən fərqlənir. Böyük bir şou olacaq. Bu, tamaşaçıların cəlb olunması üçün yaxşıdır. Bu yarış mənim üçün Olimpiya oyunlarından sonra ilk yarışdır. Bu cür hallarda gözləntilər yüksək olur”.
O qeyd edib ki, gələcək planları gələn ay Rumıniyada Avropa çempionatında iştirak etmək, daha sonra dincəlmək və Kanadada keçirilən Dünya Çempionatına hazırlaşmaqdır.
E.Petrunias deyib: “Məşqçi ilə çıxışımın detalları üzərində çalışırıq. Bu Dünya Kuboku Avropa Çempionatı və Dünya Çempionatı kimi yarışlar üçün yaxşı hazırlıqdır. Çünki burada Avropa Oyunları keçirilmiş böyük arena var. Ümumiyyətlə, bu arena mənim çıxış etdiyim ən yaxşı arenadır”.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il