İdman

gimnastikadan

başlayır

Baş məşqçi: “Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaq”

03 mart 2016

Baş məşqçi: “Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaq”

“Azərbaycan gimnastları Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar”, bunu Trend-ə müsahibəsində batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.

Onun sözlərinə görə, gimnastlar ən yaxşı çıxış formalarına hələ çatmayıblar, çünki bu yarış cari ilin ilk turniridir.

"Fikrimcə, hələ də lazimi formaya nail olmamışıq. İdmançılarımızın 70-80 faiz hazır olduqlarını düşünürəm. Hazırda ən əsası bir aydan sonra İspaniyanın Valyadolid şəhərində keçiriləcək Avropa Çempionatında ən yaxşı formada olmaqdır. Bu, cari ilin ən əsas yarışlarından biridir. Sonra isə Dünya Çempionatı, Ümumdünya Oyunlarının olduğu növbəti mövsümə hazırlaşacağıq. Hər iki yarışa idmançılarımız artıq seçilib. Odur ki, çalışaçağıq".

V.Şulikin qeyd edib ki, Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku olduqca mötəbər bir turnir olacaq.

"Zənnimcə, Kubokda iştirak üçün bütün güclü idmançılar gəliblər. Yalnız Çin və Kanada təmsilçiləri gələ bilməyiblər, qalan bütün güclü Avropa ölkələri, Yaponiya, Avstraliya, ABŞ, Rusiya və Belarus liderləri ilə təmsil olunub. Kifayət qədər layiqli rəqabətin olacağı gözlənilir, mübarizə aparacağıq. Kişilər arasında şanslarımız var, yığmamızın lideri İlya Qrişunin medallar uğrunda mübarizə apara bilər. Sinxron çıxışlarda İlya Qrişunin və Oleq Piunov yaxşı nəticə göstərə bilərlər. Lakin təkrar edirəm ki, hazırda hələ də ən yaxşı formada deyillər, Avropa çempionatından nəticə gözləmək lazımdır", - deyə, Baş məşqçi qeyd edib.

Onun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenasının yeni tərtibatı bütün idmançıların xoşuna gəlir: "Yarışlara hazırlaşmağımıza heç nə mane olmur, çünki bu doğma divarlarımızdır. Digər ölkələrin idmançıları müsbət əhval-ruhiyyədədirlər, hər şey Dünya Çempionatı, hətta Olimpiya Oyunları səviyyəsində təşkil olunub. Bura gələnlərin hamısı çox razıdır. Fikrimcə, hamı razı qalacaq".

Baş məşqçi, həmçinin əlavə edib ki, qarşıdakı Avropa Çempionatında kişilər arasında Azərbaycan yığmasını İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və ikili mini-batut üzrə yarışlarda (batutda tullanmanın ayrıca növü) iştirak edəcək Dmitri Fedorovski, eləcə də tamblinq üzrə çıxış edəcək Mixail Malkin təmsil edəcəklər.

"Azərbaycan qadınlar arasında fərdi və sinxron çıxışlarda Svetlana Makştarova və Sabina Zaytseva ilə təmsil olunacaq. Beləliklə, Avropa Çempionatına kifayət qədər böyük komanda gedəcək. Həmçinin komanda birinciliyi keçiriləcək və finala vəsiqə qazanmağımızın özü böyük uğur olacaq", - deyə, o bildirib.

“Trend” İnformasiya Agentliyi, 2 mart 2016-cı il