İdman

gimnastikadan

başlayır

Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq

23 iyul 2016

Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq

“Bakıda bədii gimnastika üzrə Dünya kubokunun final mərhələsinin bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olacaq” – deyə, bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, mərasimin tərtibatçısı Mariana Vasileva Trend-ə bildirib.

Onun sözlərinə görə, bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan Balaca şahzadə çıxış edəcək: "Ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş Balaca şahzadə Yanardağdan öz evinə üz tutmağa başlayır. O, bu dağın atəşini bizim ən yaxşı idmançımız Marina Durundaya verəcək. O da odla digər yerlərdən keçməyə başlayacaq. Onlar sahələrdən, üzüm bağlarından və s. yerlərdən keçərək, Şamaxı rəsədxanasına qayıdırlar”.

M.Vasileva təəssüflə bildirib ki, son vaxtlar dünyada nə idmançılardan, nə də sadə insanlardan asılı olmayan hadisələr baş verir:

"Baş verən hadisələr səbəbindən bir çox günahsız insan, tanınmış idmançı ola biləcək uşaqlar həlak olur. Buna görə də bağlanış mərasiminin ilk nömrəsi “Cənab Leytenant” mahnısının sədaları altında bütün günahsız həlak olanlara həsr olunmuş rəqs olacaq. Son nömrədə isə kiçik ulduz gimnastlar praktiki olaraq hərbçiləri səhnədən çıxararaq bununla göstərirlər ki, yalnız idman dünyanı müharibələrdən xilas edə bilər. Onlar rəqs edirlər və Balaca şahzadə ilə onun planetinə yollanırlar. Leytenantlarla bağlı nömrəni turnirin açılışına bir neçə gün qalmış hazırlamağa başladıq və bu, öldürülmüş azərbaycanlı baş leytenant, Türkiyə, Fransa, Almaniyadakı hadisələr barədə məlumatlarla eyni vaxta düşdü. Buna görə də bağlanış bir az kədərli alınır. Lakin yekunda həyat sevincli anlardan ibarət deyil. Bağlanış mərasiminin kədərli olması yarışlarla vidalaşmağımız ilə bağlıdır”.

O əlavə edib ki, kompozisiyada, bədii gimnastika, idman gimnastikasını, batut gimnastikası, akrobatika, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak edəcəklər.

“Trend” İnformasiya Agentliyi, 23 iyul 2016-cı il