02 fevral 2022
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bədii gimnastika üzrə Portuqaliya yığma komandasının məşqçisi Darina Vasileva ilə müsahibəni təqdim edir.
- Darina xanım, Azərbaycana xoş gəlmisiniz. Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında neçə gimanst iştirak edir?
- Məşqlərdə üç gimnast iştirak edir. Onlardan biri yeniyetmə, ikisi isə böyükyaşlı idmançıdır.
- Təlim-məşqlərdə iştirak edən gimnastlarınız indiyədək keçirilən hansı yarışlarda nailiyyətlər qazanıblar?
Məşqlərdə iştirak edən iki gənc gimnastımız artıq böyüklər arasında yarışlarda qüvvəllərini sınamağa başlayıblar. Onlardan biri üç ildir ki, ardıcıl olaraq Portuqaliya çempionu adını qazanır. Bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edib. Bunlardan sonuncusu “Marbella Qran Pri” yarışı olub. Bu yarışda gimnastımız finala vəsiqə qazanıb və Avropa çempionatında 24-cü yerə yaxın olub. Digər gimnastımızın da yüksək nailiyyətləri var. O, Portuqaliya çempionudur. “Marbella Qran Pri” yarışının bürünc mükafatçısıdır. Həmçinin bir neçə beynəlxalq yarışda, həmçinin Bakıda keçirilən yarışlarda üç bürünc və qızıl medal qazanıb.
- Hazırlıq prosesində əsasən hansı məşqlərə üstünlük verirsiniz?
- Artıq yeni yarışlar mövsümünə start verilib. Yarışlardan əvvəlki hazırlıq dövrü bizim üçün çox vacibdir. Yeni mövsümə hazırlıq üçün bizə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və federasiyanın İcra Komitəsinin üzvü Mariana Vasilevaya təşəkkürümü bildirirəm. Hazırda biz yeni çıxış proqramı üzərində işləyirik. Məşqlərdə əsas diqqəti proqramın təkmilləşdirilməsinə və dəqiq icrasına yönəltmişik.
- Komandanızın üzvləri qarşıda hansı yarışlarda iştirak edəcəklər?
- Sofiyada keçiriləçək ilk Dünya kubokunda iştirak etməyi planlaşdırırıq. Daha sonra Bakıda keçiriləcək Dünya kubokunda, eləcə də Avropa və dünya çempionatlarında iştirak edəcəyik.
- Bu sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, bu, mənim dördüncü səfərimdir.
- Şəhər turuna çıxmısınızmı?
- Bundan əvvəlki səfərlərimdə şəhər turlarında olmuşam. Paytaxtınız çox gözəldir. Azərbaycan mənim çox xoşuma gəlir. Buradakı insanlar çox mehribandırlar. Burada olmaq bizdə xoş təəssüratlar yaradır. Bir sözlə, hər şey mükəmməldir, çox sağ olun.