24 yanvar 2020
Azərbaycan gimnastlarının fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlıqları davam edir.
Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin bildirib ki, Dünya Kubokunda Azərbaycanı iki gimnast, batut gimnastikasında Selcan Maqsudova və tamblinqdə Fərid Mustafayev təmsil edəcək:
“Bu, hər ikisi üçün böyüklər arasında ilk yarış olacaq. Bizim yarışlarda tapşırığımız yeni proqram nümayiş etdirmək və hansı səviyyədə olduğumuzu görməkdir. Qeyd edim ki, Dünya kuboku Tokioda keçiriləcək Olimpiya oyunlarına təsnifat yarışıdır”.
V.Şulikin Azərbaycan gimnastlarının Dünya kubokundakı hədəflərindən danışıb:
“Əlbəttə, finala düşmək istəyirik, amma vurğulamaq lazımdır ki, idmançılar proqramı yaxşı yerinə yetirməlidir, o zaman şansımız olacaq. Dünya kubokuna dünya və Avropa, Olimpiya çempionları gələcək. Rəqiblərimiz dünya səviyyəli liderlər, Belarus, Rusiya, Yaponiya və Çin idmançılarıdır”.
Baş məşqçi əlavə edib ki, batut və tamblinq Azərbaycanda fəal inkişaf edir:
“Qeyd edim ki, bizim Qaxda bölməmiz açılıb, digər rayonlarda da bölmələrin açılması planlaşdırılır. Bu istiqamətdə böyük işlər görülür. İndi biz məşqçiləri hazırlaşdırırıq ki, gimnastikanın bu növü üzrə çoxlu klublar və bölmələr olsun”.