16 dekabr 2016
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Milli Gimnastika Arenasında (MGA) təlim-məşq toplanışında iştirak etmək məqsədilə bu yaxınlarda Azərbaycana səfər etmiş bədii gimnastika üzrə Qazaxıstanın yeniyetmələrdən ibarət yığma komandasının Baş məşqçisi Yekaterina Esikova ilə həmsöhbət olmuşdur.
1. Bu sizin Azərbaycana ilk səfərinizdir? Təəssüratlarınızı eşitmək maraqlı olardı.
Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. Birinci dəfə mən buraya 2005-ci ildə Dünya Çempionatına gəlmişdim. Bilavasitə təlim-məşq toplanışına ilk gəlişimdir, halbuki ölkəmizin nümayəndələri tez-tez Bakıya gəlirlər. Lakin şəxsən mənə təlim-məşq toplanışı üçün buraya gəlmək ilk dəfədir ki, nəsib olur. Ölkə haqqında təəssüratlarım çox müsbətdir. Biz şəhərdə ekskursiyada olduq, qədim “İçərişəhər”i gördük. İnsanlar gülərüz, səmimi və qonaqpərvərdir; hər şey milli adətlərə uyğundur. Biz də Şərq ölkəsiyik, ona görə bilirik ki, bu Azərbaycanın milli qonaqpərvərliyi və adətləridir.
2. Bura gəlməzdən öncə ölkəmizdə gimnastikanın inkişafı haqda məlumatınız var idimi?
Əlbəttə. Hal-hazırda siz bədii gimnastikada liderlərdən birisiniz, sizin başqalarından fərqlənən öz istiqamətiniz, inkişaf yolunuz var. Sizin öz üslubunuz, öz tərziniz var, ona görə də biz həmişə sizi müşahidə edirik və sizdən öyrənirik.
3. Arena haqda nə düşünürsünüz?
Təmsil etdiyim təşkilatın nümayəndələri mənimlə əlaqə saxlayıb buradakı şəraitin necə olduğunu soruşanda, mən dedim ki, “gimnastika cənnətinə” düşmüşəm. Burada nəticələr əldə etmək üçün hər cür şey var. Mən sizin arenanı belə də adlandırardım - “gimnastika cənnəti”. Bura mənim çox xoşuma gəldi və belə yaradıcı ab-havada çalışmaq mənə xoş oldu.
4. Məşqçilərimiz haqda nə deyə bilərsiniz?
Hər şeydən öncə, ünsiyyətdə həmişə insanların bir-birinə münasibəti vacibdir. Burada sizin bu cür mehriban və möhkəm birləşmiş kollektiviniz var, buna görə də bu arenada olmaq çox xoşdur. Təbii ki, sizin məşqçilər beynəlxalq statusa malikdir. Onlar peşəkardırlar. Ən əsası isə, sizin beynəlxalq arenada nailiyyətlər qazanmaq üçün çalışan bir çox gənc məşqçilərinizin olması çox sevindirir. Siz gənc məşqçilər yetişdirirsiniz və bunu müşahidə etmək çox xoşdur.
5. Gimnastlarınız haqda məlumat verərdiniz. Nə qədər müddətdir ki, onlarla çalışırsınız?
Bura gələn gimnastlar, qrup hərəkətləri komandasının üzvləridir. Onlar 2003-cü il təvəllüdlüdür və beynəlxalq arenada nailiyyətlər qazanmaq üçün çalışmağa hələ yeni başlayıblar. Yanvar ayından etibarən onlar bizim ölkədə mərkəzi hazırlıq siyahısında qeydə alınacaqlar. Ona görə də mən bu komanda ilə hələ ki, tanış oluram. Bizim ölkə daxilində həyata keçirməli olduğumuz müəyyən məqsədlərimiz var. Qızlar perspektivlidir. Baxaq görək, nə alınacaq.
6. Qazaxıstanda bədii gimnastikaya maraq böyükdürmü?
Bədii gimnastika bizim ölkədə çox məşhur bir idman növüdür və bütün regionlarda inkişaf edir. Çoxlu uşaqlar kiçik yaşlarından gimnastika ilə məşğul olurlar. Bədii gimnastikanı yəqin ona görə sevirlər ki, bu yeganə yalnız qadın idman növüdür.
8. Gələcək planlarınız haqda eşitmək istərdik.
Buraya təlim-məşq toplanışına gələn gimnastlar ölkəmizdə Asiya Çempionatına hazırlıq çərçivəsində yeniyetmələr proqramı üzrə intensiv məşqlərə başlayacaqlar.