18 sentyabr 2008
Pekində keçirilən Olimpiya Oyunlarında Rusiyanın bədii gimnastika üzrə yığma komandası həm qrup hərəkətləri, həm də individual çıxışlarda inamla qalib gəldilər. Olimpiadadan sonra Rusiyanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi, Azərbaycan milli yığma komandasının məsləhətçisi İrina Viner yubileyini qeyd etməyə qərara aldı. Yubiley ərəfəsində, o, Trend News agentliyinin suallarını cavablandırmağa razılığını verdi.
- Rusiyanın Pekində keçirilən Olimpiadadakı çıxışını necə dəyərləndirirsiniz?
- Komandanın məşqçisi olduğuma görə, bu haqda danışmaq mənim üçün bir qədər çətindir. Birinci gün çıxışlarda bəzi nöqsanların olduğunu bilirəm. Lakin ikinci gün seçmə yarışlardan sonra və əsas yarışlarda gimnastlar qrup hərəkətləri və individual proqramda xüsusilə də Olimpiya çempionu Yevgeniya Kanayeva nəyə qadir olduqlarını maksimum nümayiş etdirdilər və nəticədə layiq olduqları fəxri kürsüyə qalxdılar.
- Siz gözləyirdinizmi ki, xalı ardınca gələn gimnastların xalından əhəmiyyətli dərəcədə artıq olan Kanayeva praktiki olaraq qüsursuz çıxış nümayiş etdirəcək?
- Mən deyə bilmərəm ki, bu mənim üçün gözlənilməz oldu, çünki son ilin bütün yarışlarında Kanayeva qüsursuz çıxışlar nümayiş etdirir və qalib gəlirdi, ona görə də, o, Rusiya çempionu və Olimpiya Oyunlarının birincisi oldu.
Olimpiya Oyunlarından ay yarım əvvəl keçirilən Avropa çempionatında, o, həmçinin birinci yerə layiq görüldü, doğrudur onda onun xal üstünlüyü Olimpiadadakı xalı ilə müqayisədə bir qədər az – 3 xal oldu.
- Kanayevanın karyerasındakı perspektivləri haqda Sizin fikirlərinizi bilmək istərdik.
- Düşünürəm ki, o, gimnastikada öz sözünü hələ uzun müddət deyəcək. Əlbəttə ki, Allahdan onun üçün can sağlığı, işlərinin avand olmasını istəyirəm. Fikrimcə, o da Alina Kabayeva kimi hələ uzun müddət öz sözünü deməyə qadir gimnastdır.
- Azərbaycan milli yığma komandasının məsləhətçisi kimi, Azərbaycan bədii gimnastikasının perspektivləri haqda deməyinizi Sizdən xahiş edirəm.
- Mən Azərbaycanın qrup hərəkətləri üzrə komandasına azarkeşlik edirdim, ona görə ki, qızlar Olimpiya Oyunlarında ilk dəfə idi ki çıxış edirdilər. Tale elə gətirdi ki, onlar da öz imkanları daxilində kombinasiyalarını demək olar ki, qüsursuz yerinə yetirdilər.
Onların çox mürəkkəb bədən elementlərini nümayiş etdirdiklərini deyə bilmərəm, lakin onlar icra etdikləri bütün hərəkətləri qüsursuz yerinə yetirmişlər. Ona görə də, finala vəsiqə qazanmaq imkanı, və ən yaxşı səkkiz gimnast, dünyanın ən yaxşı komandaları arasında yeddinci yerdə qərarlaşmaq1arı mənim fikrimcə böyük nailiyyətdir və bu da onların kobud səhvə yol verməmələrinin nəticəsidir.
İlk dəfə olaraq Olimpiya Oyunlarında çıxış etdikləri halda güclü komandalarla mübarizə apararaq, onlar seçmə yarışlarda, bir müddət əvvəl Olimpiya çempionu olmuş İspaniya komandasına, sonra isə Ukrayna komandasına qalib gəlmiş və finalda yeddinci yerə layiq görülmüşlər. Və bu da böyük qələbədir.
Olimpiya Oyunlarında 12 ən güclü individual gimnastlar siyahısına maksimal olaraq 2 Azərbaycan gimnastı daxil olmuşdur. Düşünürəm ki, Rusiya və Belarusdan sonra Azərbaycan mükafat yerləri üzrə üçüncü yerdədir, çünki misal üçün hətta Ukraynanın ikinci gimnastı Qodunko ümumi hesabda Qarayevadan heç də üstün deyil, Azərbaycanın qrup hərəkətləri üzrə komandası isə Ukrayna komandasını qabaqlayır.
Bu, Azərbaycan Gimnastika Federasiyası, federasiyanın prezidenti Mehriban xanım Əliyeva, həmçinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər və göstərilən diqqətin layiqli nəticəsidir. Həyata keçirilən tədbirlər və göstərilən diqqət gimnastlara təlim-məşq toplanışlarında, bütün çempionatlarda, Dünya Kuboklarında, Qran-pri yarışlarında iştirak etmək imkanı vermişdir