07 iyun 2012
Bədii gimnastika üzrə Azərbaycan yığması Nijni Novqorodda keçirilən Avropa çempionatında üç bürünc medal qazanıb.
Çempionatda əsas diqqət növbəti dəfə yüksək reytinqini təsdiqləyən komandanın lideri Aliyə Qarayaveya yönəlmişdi. Üstəlik o, ən nüfuzlu nominasiyada - çoxnövçülükdə bürünc medal qazanmaqla uğura nail olub.
- Aliyə, təbrik edirik! Bu, sadəcə əla çıxışdır. Onsuz da hər gün fəxri kürsüdə dayanmaq imkanı olmur.
- Əlbəttə, bu əladır, biz hamımız - mən, məşqçilərim, həkimlər və masajçılar birgə işləyirdik və bu medalı layiqincə qazandıq. Təmsil etdiyim federasiyanı da təbrik edirəm. Fikrimcə, biz buna layiqik.
- Sən buna həddən artıq layiqsən, özün gördün ki, zal səni necə dəstəkləyirdi!
- Xoş idi və bu, həqiqətən çox kömək edir! Azarkeşlərə çox təşəkkür edirəm. Zala daxil olanda mənə deyirdilər ki, "gördün sənin necə dəstək qrupun var?" Mən cavab verdim ki, "görmədim, amma təxmin edirəm". Mənə bildirdilər ki, "onlar barabanlarla dəstək verirlər və bayraqları bütün zal boyunca asıblar". Çox xoş idi.
- Sən müxtəlif şəhərlərdə yarışlarda olursan. Nijni Novqorod nə ilə yadda qaldı?
- Düzünü desəm, mən burada zal və mehmanxanadan başqa heç nə görmədim. Bununla belə, turnirdən öncə biz ardıcıl iki gün "Luna-park"a attraksionlara getdik. Oradakı həyəcan çempionatda yaşanan həyəcandan az deyildi.
- Hansı alətlə çıxış etmək daha çətin idi?
- İndiki proqramda olmayan iplə çıxış (gülür)! Ancaq düzünü desəm, bütün tapşırıqların öhdəsindən asanlıqla və inamla gəldim, yalnız sonda gürzlərlə hərkətlərdə bir az ehtiyatı əldən verdim. Sadəcə yaxşı çıxış etmək və öz işini görmək lazımdır.
- London Olimpiya Oyunlarına az müddət qalıb. Dumanlı Albiona hansı əhval-ruhiyyə ilə gedəcəksən?
- Hazırda özümə daha çox əminəm və düşünürəm ki, medallar uğrunda mübarizə apara biləcəyəm. Avropa çempionatındakı nəticə bunu bir daha təsdiq edir. Ümid edirəm ki, Londonda nəticəm bundan pis olmayacaq. Bunu çox istəyirəm və bunun üzərində işləyəcəyəm.
Avro-2012-də yığmada olan Nülufər Niftalıyeva və Gülsüm Şəfizadənin uğurları diqqət çəkdi. Deyirlər ki, birinci komandanın layiqli əvəzedicisi yetişir. Deməli, bir neçə ildən sonra Nülufər və Gülsüm artıq özlərini böyüklər arasında tanıda bilərlər, yəni nəsillərin varisliyinə riayət olunacaq.
14 yaşlı Bakılı idmançısı Nülufər Niftalıyeva final çıxışlarında onu dəstəkləyən hər kəsə təşəkkür edib.
- Təsnifatda kobud səhvlər buraxdım və buna görə də gün ərzində çox həyəcan keçirdim. Bütün komandamız, rəhbərlər və hətta azarkeşlər məni ürəkləndirirdilər. Və mən özümə dedim: "Sabah heç kəs məyus olmamalı və olmayacaq!
Hər kəsə dəstək verdiyinə görə minnətdaram, bu çempionatda ən fəal azarkeşlər bizimkilər idi. Eşitdiyimə görə onlar təkcə Nijni Novqoroddan olan diasporun nümayəndələri deyildi, hətta Moskvadan AMOR-un fəalları gəliblər. Bəzən elə təəssürat yaranırdı ki, mən Avropa çempionatında deyil, Azərbaycan çempionatında çıxış edirəm.
Həmçinin, sevincimi məşqçilərim, valideynlərim, komandadakı rəfiqələrimlə bölüşmək və federasiyama təşəkkür etmək istəyirəm. Federasiyanın iştirakı olmasaydı, bu uğur əldə edilməzdi!
Digər bürünc mükafatçı 14 yaşlı Bakılı idmançısı Gülsüm Şəfizadə çıxışından əvvəl hansı hisslər keçirdiyindən danışıb.
- Mən meydançaya 7 nömrə altında çıxdım və düzünü desəm, ayaqlarım titrəyirdi. Lakin musiqinin ilk akkordları ilə Avropa çempionatında və azarkeşlər önündə çıxış etdiyimi unutdum. Sonradan komandadakı rəfiqələrim mənə dedilər ki, sanki Bakıda məşqdəki kimi çıxış edirdim. Baş məşqçinin sevinclə komandanın həkimini qucaqlamasını gördükdən sonra başa düşdüm ki, artıq medalım var!
Bəs sonra? Ölkəmin bayrağını bu çempionatdakından daha yüksəklərə qaldırmağa çalışacağam. Növbəti Olimpiya Oyunlarınadək geniş planlarım var!
Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi, çoxillik təcrübəsi olan İrina Viner-Usmanova Aliyə Qarayevanın bürünc medal qazanmasını Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti üçün şərh edib.
- Aliyə çox güclü və məqsədyönlü gimnastdır. O, çox məşq edirdi, heç bir məşğələni buraxmırdı və məşqçilərinin sözlərinə qulaq asırdı ki, bu da əhəmiyyətlidir. Və bu da nəticəsi! Bu gün Qarayeva xalçada özünün ən yaxşı tapşırıqlarından birini nümayiş etdirdi. Onun güclü xarakteri var və bu ona idmanda yüksək nəticələr göstərməyə kömək edir.
Aliyə yarışlarda ölkəsinin bayrağı yüksələndə çox sevinir. Biz öz tərəfimizdən onun uğurlarına sevinir və fəxr edirik, çünki ona məsləhətlər veririk.
Mən bu uğurun qazanılmasında səy və əməyini əsirgəməyən hər kəsə təşəkkür edirəm! Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya ayrıca təbriklərimi çatdırmağı xahiş edirəm. Mehriban Əliyeva Azərbaycan gimnastikasının inkişafı üçün hər şey edir. Müsəlman ölkəsinin bayrağının idmanın qadınlar arasında keçirilən növündə yüksəlməsi əladır!
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva da Avropa çempionatının yekunlarından razı qalıb.
- Əlbəttə ki, ötənilki Avropa çempionatından fərqli olaraq, uğurlar çox şeydən xəbər verir. Əgər ötən il Minskdə Azərbaycan bir medal qazanmışdısa, hazırda hesabımızda 3 medal var. Bir daha yüksək statusunu təsdiq edən milli komandanın lideri Aliyə Qarayeva zalı coşdurdu. Onun olimpiya proqramı növündə qazandığı bürünc medal çox dəyərlidir.
Gənc Nülufər Niftalıyeva və Gülsüm Şəfizadə haqqında artıq heç nə deyə bilmərəm. Mən onları həddindən çox sevirəm! Bu, onlarla birgə keçirdiyim qeyri-adi hisslərdir.
Bundan başqa, tərkibində Nülufər və Gülsüm, Marina Durunda və ehtiyat gimnast Mənsurə Bağıyeva olan Azərbaycan komandası 5-ci yeri tutub. Bu gün bizim bayramımız və sevincli günümüzdür!
Mən bütün azarkeşlərimizə, bizə görə həyəcan keçirən və Azərbaycanda dəstək olan hər kəsə təşəkkür etmək, habelə bu uğurun qazanılması münasibətilə federasiyamızın prezidenti Mehriban xanım Əliyevanı təbrik etmək istəyirəm. Qarşıda Londonda Olimpiya Oyunları var və indi bütün diqqət Olimpiya Oyunlarına yönələcək.