İdman

gimnastikadan

başlayır

Avstraliya idmançısı: “Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı”

02 mart 2016

Avstraliya idmançısı: “Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq əla olardı”

“Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun medalını qazanmaq çox yaxşı olardı”, bunu Bakıya çatdıqda Heydər Əliyev adına beynəxalq hava limanında “Trend” İnformasiya Agentliyinə müsahibəsində Avstraliyadan olan batutçü Ti Svedlinq deyib.

"Bu, cari ildə mənim üçün ikinci yarışdır. Artıq Avstraliyada çempionat keçirilib, lakin bu mənim 2016-cı ildə ilk beynəlxalq turnirimdir. Olimpiadaya seçim ərəfəsində mənim üçün hər bir turnir çox vacibdir. Keyfiyyətli çıxış nümayiş etdirmək istəyirəm və ümidvaram ki, finala çıxıb medal qazanacağam. Bu, əla olardı", deyə, o, bildirib.

İdmançının sözlərinə görə, Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna gələcək gimnastların səviyyəsi çox yüksəkdir.

"Əsas rəqiblərin Rusiya və Belarus gimnastlarının olduğunu düşünürəm. Çıxışımı isə mən çox güclü idmançılar olan ötən Dünya Çempionatlarının gümüş və bürünc mükafatçıları (Dioqo Qançinyo və Andrey Yudin) arasında başlayacağam", deyə, o bildirib.

Qeyd edək ki, martın 5 və 6-da Bakıda ilk dəfə olaraq Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya və ABŞ-nı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

“Trend” İnformasiya Agentliyi, 1 mart 2016-cı il