09 mart 2018
Qazaxıstanın kişi idman gimnastikası üzrə milli komandası Bakıdan medallarla ayrılmağa ümid edir.
Bunu Trend-ə komandanın baş məşqçisi Aleksandr Kim deyib.
Baş məşqçi qeyd edib ki, Bakıdakı yarışlara 3 gimnast gəlib və onlardan biri Melburnda keçirilmiş Dünya Kuboku mərhələsinin qalibidir:
“Bu yarış bu il ikinci yarışımızdır. Biz artıq Melburnda Dünya Kubokunda iştirak etmişik. Orada gimnastımız Nəriman Qurbanov birinci yeri tutub. Ondan başqa yarışda daha iki gimnast – Yerbol Cantıkov və Daniil Baturin iştirak edəcək”.
A.Kim onu da əlavə edib ki, Azərbaycandan yüksək səviyyəli təşkilatçılıq gözləyir:
”Ötən il mən burada Dünya Kubokunda olmuşam və onu deyim ki, Azərbaycanda yarışların təşkilatçılığı hər zaman yüsək səviyyədə olur. Bu il biz Bakıya təlim-məşq toplanışlarına gəlmək qərarı verdik. Bizə bu cür imkan yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasına və Qazaxıstan Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Biz artıq 12 gündür ki, Bakıdayıq və onu deyim ki, Milli Gimnastika Arenasında yaradılan şərait əladır”.