13 fevral 2016
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Özbəkistan məşqçisi Konstantin Şaulovla müsahibə aparıb.
Konstantin, bu Sizin Bakıya ilk səfərinizdir?
“Mən sizin şəhərə ilk dəfə neçə illər bundan əvvəl, keçən əsrin 70-ci illərinin sonunda səfər etmişəm. O zamanlar Bakı tamam başqa idi, indi isə daha çox Avropa şəhərlərinə bənzəyir. Şəhər çox dəyişib”.
Məşqləriniz necə keçir? Milli Gimnastika Arenasında yaradılmış şəraitdən razısınızmı?
“Mən bir çox ölkələrə səfər etmişəm. Rusiyada da buna bənzər bir zal var, lakin burada hər şey, sadəcə çox gözəl qurulub. Birincisi, arena çox genişdir və burada rahat mehmanxana var. Təkrarən qeyd edim ki, bura çox gözəldir”.
“Məşqlərimiz də çox yaxşı keçir. Hazırda idmanın Olimpiya növləri üzrə hazırlıq mərhələsindəyik və diqqətimiz əsasən Olimpiya Oyunları öncəsi Rio-de-Janeyroda təşkil olunacaq Test Turnirinə yönəlib. Yeni ildən əvvəl bir qədər istirahət etdik, indi isə bərpa prosesindəyik”.
Məşqçilik fəaliyyəti ilə nə vaxtdan məşğulsunuz?
“Mən artıq 1981-ci ildən məşqçi kimi fəaliyyət göstərirəm. Əvvəlcədən, təxminən 16 il qadın idman gimnastikası üzrə məşqçi kimi çalışmışam, sonra isə kişi komandasının heyətinə keçmişəm. Doğrudur, bir müddət məşqçilik fəaliyyətindən ayrıldım, lakin 5 il sonra kiçik oğluma görə yenidən qayıtmaq qərarına gəldim. Hal-hazırda isə mən sizin ölkədə keçirilən Dünya Kubokuna onunla qatılmışam”.
Yeri gəlmişkən, bizə oğlunuz Eduard Şaulovun əldə etdiyi nailiyyətlərdən eşitmək maraqlı olardı.
“Eduardın bu il 23 yaşı tamam olacaq. Oğlum Portuqaliyada keçirilmiş Dünya Kuboku mərhələsinin gimnastika atı üzərində hərəkətlərdə bürünc medalçısıdır. O həmçinin, Asiya Çempionatında sərbəst hərəkətlərdə 3-cü yerə layiq görülüb. Eduard, Sizin gimnastlar – Oleq Stepko və Petro Paxnyukla birgə Dünya Çempionatında çıxış edib”.
Bakıda keçirilən Dünya Kubokundan hansı nəticələri gözləyirsiniz?
“Bakıya bir çox məşhur gimnastlar gələcək. Yaponiya komandasının heyətindəki Dünya Çempionlarını, Aleksandr Şatilovun lideri olduğu İsrail komandasını qeyd etsəm kifayətdir. Buraya Braziliya, İspan və Alman idmançılarını əlavə etdikdə isə Sizin sualınızın cavabı lap tamamlanır”.
Özbəkistanda idman gimnastikasının hazırkı inkişafı haqda nə deyə bilərsiniz?
“Bilirsinizmi, bizim məşqlər üçün çox yaxşı və böyük zalımız var, lakin məşqçilər çatışmır. Gimnastika ilə məşğul olmaq istəyənlərin sayı olduqca çoxdur, xüsusilə də milli komandaya ilkin hazırlıq mərhələsinə qədər idmançılar kifayət qədərdir”.
Məlum olduğu kimi, Özbəkistanın iki gimnastı Olimpiya Oyunları öncəsi Rioda keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib...
“Bəli, doğrudur. Test Turnirində iştirak edəcək gimnastlarımızdan biri kişi, digəri isə qadındır. Kimin lisenziya qazanmasından asılı olmayaraq, Olimpiya Oyunlarında ölkəni hansı idmançının təmsil edəcəyinə Özbəkistan Gimnastika Federasiyası qərar verəcək. Hələlik isə, federasiya kişi idman gimnastikası üzrə Test Turnirində Anton Fokinin iştirak edəcəyinə qərar verib”.