İdman

gimnastikadan

başlayır

UEG RƏSMİLƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATIB

16 aprel 2007

UEG RƏSMİLƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATIB

Manfred Kuxt və Hayde Bruneder təşkilati işlərdən razı qalıblar.

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq səviyyəsini yoxlamaq üçün paytaxtımıza gəlmiş Avropa Gimnastika İttifaqı (UEG) nümayəndə heyətinin səfəri başa çatıb. Bu təşkilatın direktoru Manfred Kuxt və Texniki Komitəsinin prezidenti Hayde Bruneder Bakıda olduqları müddətdə Təşkilat Komitəsinin iclasında iştirak edib, Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib, “Lider-TV”nin nümayəndələri ilə görüşüb və ümumilikdə, görülən işlərdən razı qalıblar. Məlum olub ki, Avropa çempionatını, həmçinin, “Eurosport” kanalı da yayımlayacaq.

Manfred KUXT:

- UEG yarışlara iki həftə qalmış arenanın Təşkilat Komitəsinə təhvil verilməsi barədə dövlət zəmanəti alıb. Bu imkan verəcək ki, komleks çempionatın açılış mərasiminə qədər tam yararlı vəziyyətə düşsün.

Düşünürəm ki, bu Avropa çempionatı, səviyyəsinə görə, 2005–ci il Dünya çempionatını belə geridə qoyacaq. Axı ən güclü gimnastlar məhz Avropa çempionatında bir araya gəlirlər. Gələn il isə onları Pekin olimpiadası gözləyir.

Hazırda Avropa çempionatlarında təşəbbüs, əsasən, Rusiya və Ukrayna gimnastlarının əlində olur. Digər ölkələrin nümayəndələri onlarla rəqabətə girməyə, belə deyək, çətinlik çəkirlər. Ona görə də UEG bu idman növünün ayrı-ayrı ölkələrdə inkişaf etdirmək üçün xüsusi proqram hazırlayıb ki, bunun nəticəsində həmin ölkələrin təmsilçiləri liderlərə real rəqabət apara bilsinlər. Bu mənada, hesab edirəm ki, Azərbaycanı nümunə göstərmək olar. Burada bədii gimnastikanın inkişafı geniş vüsət alıb.

Azərbaycan gimnastları, ən azı, yarışların finalına çıxmağa iddialı ola bilərlər. Sizin idmançıların inkişafı göz qabağındadır, onlar səviyyələrini günbəgün artırırlar və ümidvaram ki, çempionatda özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Azərbaycanda idmana göstərilən dövlət qayğısı və milli federasiyanın yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq, əminliklə deyə bilərəm ki, 2007-ci il Avropa çempionatı yüksək səviyyədə keçəcək.

Hayde BRUNEDER:

- Xalça sahibləri doğma divarlar arasında sürpriz gətirə bilərlər. Moskva və Tye turnirlərində bürünc medallar qazanmış Aliyə Qarayevanı və son illərdə Azərbaycan bədii gimnastikasının əldə etdiyi nailiyyətlər onu deməyə imkan verir ki, sizin idmançılar liderlərlə rəqabətə girmək iqtidarındadırlar.

Onu da qeyd edim ki, bu çempionatdan bəzi rekordlar da gözləyirik. Məsələn, mən Avropa çempionatında 25 qrup komandasının iştirak etdiyini xatırlamıram!

O ki qaldı təşkilati işlərə, Avropa çempionatına hazırlıq yüksək templərlə gedir və bu da sevindirici haldır. Təşkilat Komitəsinin iclasında gördüyüm anons çarxı məni heyrətə gətirdi! Yarışların yüksək səviyyədə keçəcəyi məndə zərrə qədər də olsun, şübhə doğurmur.

Bakıya qitənin ən güclü gimnastları gələcəklər. Bu o deməkdir ki, biz kompromissiz mübarizənin şahidi olacağıq. Həm də bu çempionat Patrasda keçiriləcək lisenziyalı Dünya çempionatına hazırlıq mərhələsi kimi dəyərləndirilir.

Aprelin 26-da Bakıya yenidən gələcəyəm, amma bu dəfə Texniki Komitə ilə. Mən komitənin altı üzvü ilə iclas keçirəcəyəm, aprelin 28-də isə Avropa çempionatının püşkü atılacaq və fərdi gimnastların, eləcə də, qrup komandalarının çıxışlarının ardıcıllığı müəyyənləşəcək.

Xatırladım ki, Bakıda fərdi yarışlarda 31 ölkənin təmsilçiləri mübarizə aparacaqlar. İştirakçı komandaların siyahısı isə iyunun 6-dan gec olmayaraq müəyyənləşəcək.