İdman

gimnastikadan

başlayır

MARİANA VASİLEVA: İSTƏNİLƏN GİMNAST YIĞMANIN LİDERİ OLA BİLƏR

27 may 2013

MARİANA VASİLEVA: İSTƏNİLƏN GİMNAST YIĞMANIN LİDERİ OLA BİLƏR

Avropa çempionatına hazırlığı yekunlaşdırır. Milli komandamızın baş məşqçisi Mariana Vasileva Azerisport.com-a müsahibəsində yarışdan gözləntiləri paylaşıb, minimum tapşırıqlardan danışıb, o cümlədən indiki heyətin xüsusiyyətlərini xarakterizə edib.

- AÇ-2013-dən əvvəl ənənəvi olaraq beynəlxalq təqvim kifayət qədər dolğun oldu. Gimnastların mübarizə apardığı xeyli yarışlar var idi. Buna görə də əvvəlcə soruşmaq istərdik ki, komanda Vyanadakı yarışa hansı formada yollanır?

- Bu il biz gimnastların yorğunluğu ilə əlaqədar yalnız Fransada keçirilən turniri buraxmışıq. Evdə də bir az məşq etmək lazım idi, lakin Dünya Kubokunun və Qran-Pri mərhələlərinin hamısında iştirak etmişik, dünya reytinqində yüksək pillələrdə qərarlaşmışıq. Ümumilikdə komandamız çox gənc olduğundan idmançıların belə turnirlərdə iştirakından razıyam. Məsələn, fərdi yarışlarda Marina Durunda və Lalə Yusifovanın öz rəqiblərinin əksəriyyətindən daha gənc olmasına baxmayaraq, bu onlara yüksək nailiyyətlərini saxlamağa və nəticələri ilə sevindirməyə mane olmur. Praktiki olaraq bütün yarışlardan medallarla qayıdan Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və ehtiyat gimnast Aynur Mustafayevadan ibarət yunior qrup komandası da öz nəticələri ilə sevindirir.

- Adətən, olimpiadalardan sonra ilk böyük yarışlar yoxlama xarakterli olur. Burada məşqçilər heyətinin diqqəti yalnız nəticəyə deyil, həm də gələcəyə istiqamətlənmiş perspektivli idmançılara yönəlir. Buradan çıxış edərək, Vyanada hansı tapşırıqları həll edəcəyik?

- Əlbəttə, həmişə yüksək nəticələri saxlamaq istəyirik və mən dəyişməz olaraq, öz gimnastlarım qarşısında bu hədəfi qoyuram. Təbii ki, hakimlərin qiymətləndirməsinin çox şeyi həll etdiyi idmanın belə növlərində subyektiv amil olur. Bəzən olur ki, məşqlərdə səhvlər edirsən, lakin birinci yeri tutursan və ya əksinə, səhvsiz çıxış edirsən, ancaq mükafat qazanmaq üçün nəsə çatmır. Ona görə də nəticə vacibdir, lakin layiqli çıxış etmək də lazımdır. Məsələn Durunda və Yusifova yaşlarına baxmayaraq, daha təcrübəli rəqiblərindən geri qalmırlar. Təbii ki, cavanlığın özünəməxsus üstünlükləri də var; sənin öz üzərində işləməyə daha çox imkanın olur. Belə olan halda isə daha sabit nəticələr gələcək.

- Son illər milli yığmamızın priması komandanı öz arxasınca aparmağı bacaran Aliyə Qarayeva idi, indi isə kollektivdə parlaq, nəzərəçarpan lider yoxdur. Necə fikirləşirsiniz, bu, müsbət, yoxsa mənfi haldır? Axı yaranmış vəziyyətdə arzu olunan nəticəyə çatmaq üçün bütün komanda vahid şəkildə çıxış etməlidir.

- Hələ 2007-ci ildə Aliyə komandanın lideri kimi formalaşdı, onun digər rəfiqələri isə dəstəkləyici rolunu oynayırdı. Bunun öz üstünlükləri var idi, çünki Qarayeva dünyanın aparıcı idmançılarından biri idi. Etiraf edirəm ki, gənc idmançılar üçün daha rahat olsun deyə, Aliyə daha bir il də qalacaq. Lakin biz onun qərarına hörmət edirik. Digər tərəfdən, yaranmış vəziyyətin özünəməxsus üstünlükləri də var. Hələlik komandada parlaq, nəzərəçarpan lider yoxdur, lakin istənilən gimnast bu yeri tuta bilər. Hər şey onların beynəlxalq arenada çıxışlarından, onların sabitliyindən asılıdır. Qarşıda xeyli iş var və kim əsəblərinə hakim olsa, o da lider olacaq. Komandada bərabər səviyyəli gimnastların olması əsasən də rəqabət üçün yaxşıdır.

- Yeri gəlmişkən, bir çox mütəxəssislər yunior qrup komandasının Avro-2013-də medallar qazanmaq şansını yüksək dəyərləndirir...

- Həqiqətən də həm kollektiv, həm də onların hazırladığı proqram yaxşı təsir bağışlayır. Təbii ki, onların müsbət rəyləri sevindirməyə bilməz və onlar məni sonrakı işə daha da həvəsləndirirlər. Lakin unutmaq lazım deyil ki, yunior komandanın gimnastları hələ uşaqdırlar və əsas məsələ onların psixoloji cəhətdən nə qədər hazırlıqlı olması ilə bağlıdır. Axı Avropa çempionatı böyük məsuliyyətdir. Bu günlərdə bizdə yoxlama məşqi keçirildi və bütün gimnastlar özlərini yaxşı göstərdilər. İdmançıların belə hazırlığı məni çox sevindirir.

- Cari Olimpiya dövründə 2014-cü il Avropa çempionatı və 2019-cu il lisenziya xarakterli Dünya çempionatının Bakıda keçiriləcəyini nəzərə alsaq, yığmanın əsas diqqəti evdə keçirəcəyi yarışlara ayıracağını demək olarmı?

- Biz buna can atırıq. Belə ki, bu dövr ərzində gimnastlar lazımi təcrübə qazanırlar və onlar daha rahat çıxış edəcəklər. Tamaşaçı və hakimlərə daha maraqlı olması üçün proqramı mürəkkəbləşdirmək mümkün olacaq. Yaxşı nəticələr qazanmağa çalışacağıq.

- ...Və yəqin ki, dünya gimnastikasının yeni ulduzunu, ola bilsin, bir neçə ulduzunu qazanacağıq...

- Bir neçə ulduz daha çox xoşuma gəlir (Gülür). Mən rəqabətin tərəfdarıyam, rəqabət olan yerdə isə nəticə də var.