İdman

gimnastikadan

başlayır

Mariana Vasileva: Azərbaycan Gimnastika Federasiyası həmişə yüksək təşkilatçılığı ilə fərqlənir

16 mart 2022

Mariana Vasileva: Azərbaycan Gimnastika Federasiyası həmişə yüksək təşkilatçılığı ilə fərqlənir

Bakıda təşkil olunan bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatını izləyən gənclər və idman nazirinin müavini Mariana Vasileva martın 16-da jurnalistlərə müsahibə verib.
Fevralda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışının keçirildiyini və təmsilçimiz Selcan Mahsudovanın uğurla çıxış etdiyini vurğulayan nazir müavini bildirib: “Azərbaycanda doğulub-böyüyən Selcan mötəbər yarışın gümüş medalına sahib oldu. Bu, ölkəmizdə batut gimnastikasının inkişafından xəbər verir. Daha sonra akrobatlarımız uğurlu çıxışları ilə diqqət çəkdilər və xalqımızı sevindirdilər. Akrobatlarımız dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurdular. Dünya yaş qrupları yarışlarındakı təmsilçilərimiz isə Azərbaycan himnini səsləndirdilər. Bu münasibətlə bütün Azərbaycan xalqını və Gimnastika Federasiyasını təbrik edirəm”.
Aprelin 22-24-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışının təşkil olunacağını deyən M.Vasileva bildirib ki, turnirdə çox sayda ölkənin iştirakı nəzərdə tutulub: “Dünya kuboku yarışında 35-dək ölkədən gimnastların iştirakı planlaşdırılır. Etiraf edim ki, digər ölkələrin gimnastları, məşqçiləri və rəsmiləri Azərbaycanda keçirilən yarışlara böyük istək və həvəslə gəlirlər. Onlar buradakı şəraitdən həmişə razılıqlarını bildirirlər. Çünki Milli Gimnastika Arenası beynəlxalq standartlara tam cavab verir. Azərbaycan Gimnastika Federasiyası həmişə yüksək təşkilatçılığı ilə fərqlənir. Bütün əldə olunan uğurlar və nailiyyətlər ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir”.
 “Olimpiya Oyunlarından sonra Beynəlxalq Gimnastika Federasiyası (FIG) bədii gimnastikada yeni qaydalar tətbiq edib. Ölkə çempionatı da həmin qaydalara uyğun keçirilir. Uzun müddətdir yerli və əcnəbi gimnastlar beynəlxalq turnirlərdə iştirak etmirdilər. Hazırkı çempionat təcrübə və peşəkarlıq baxımından onların xeyrinə olacaq.
Ümid edirəm ki, bədii gimnastlarımız beynəlxalq mövsümə Bolqarıstanda start verəcəklər. Milli komandamızın dünya kubokunun mərhələ yarışında iştirakı nəzərdə tutulub. Turnirlərin mütəmadi təşkili həm idmançılar, həm də azarkeşlər üçün çox vacibdir. İdmançılar turnirlərdə iştirak etdikcə təcrübələrini artırırlar. Azarkeşlər isə yarışlardan zövq alırlar”, - deyə Mariana xanım əlavə edib.