05 yanvar 2012
Azərbaycan gimnastları ötən mövsüm özlərini çox yaxşı tərəfdən göstərdilər. Təkcə Aliyə Qarayevanın dünya çempionatında çoxnövçülükdə qazandığı bürünc medalı xatırlamağa dəyər. Komandamızın lideri artıq Olimpiadaya hazırlaşmağa başlayıb, digər gimnastlar da Yeni ildəki yarışlara hazırlaşırlar. Ötən mövsümün yaddaqalan məqamları, milli komanda və istedadlı gənclər haqqında fikirlərini yığmanın baş məşqçisi Mariana Vasileva müsahibəsində bölüşəcək.
- Ötən ili necə qiymətləndirərdiniz?
- Biz bir çox şeylərə nail ola bildik. Azərbaycanın bədii gimnastika tarixində ilk dəfə dünya çempionatında çoxnövçülükdə mükafat qazanıldı. Buna görə bizi çox sevindirən Aliyə Qarayevaya təşəkkürümü bildirirəm. Lakin, əlbəttə, təkcə bir qələbə bizim ötən ildən məmnunluğumuzu tamamlaya bilməz. Axı tarixdə ilk dəfə yeniyetmələrdən ibarət qrup komandamız da Minskdə Avropa çempionatının yekunları üzrə ən güclülərdən ibarət üçlüyə daxil olaraq üçüncü yerə çıxdılar. Bir çox böyük yarışlarda qızlarımıza mükafatçılar sırasına daxil olmaq nəsib oldu və bu bizi sevindirir.
- Olimpiadanı gözləyən Qarayevanın hazırlığı digər gimnastlarımızın proqramlarından nə iləsə fərqlənəcək?
- Əlbəttə, proqramlar mütləq fərqlənməlidir. Çünki Aliyə Olimpiya Oyunlarının keçiriləcəyi avqust ayında öz formasının zirvəsinə çatmalıdır. Digər zəriflərimiz də özlərini hər bir startda göstərməlidirlər, çünki onlar mütləq böyük idmanda ad çıxarmalıdırlar.
- Yeri gəlmişkən, mundialda Qarayevanın çoxnövçülükdə medalı yəqin ki, xüsusi sətiraltı mənaya malikdir, axı Olimpiadada mükafatlar yalnız proqramın bu növü üzrə qazanılıb?
- Təbii ki. Aliyə öz nəticələri ilə göstərir ki, o, dünya bədii gimnastikasının liderləri sırasındadır. Lakin unutmaq olmaz ki, Olimpiada xüsusi yarışdır və hətta ən parlaq liderlərin də qalib gəlmək zəmanəti yоxdur. Məsələn, biz hamımız xatırlayırıq ki, Sidneydəki Oyunlarda Alina Kabayeva ən məsuliyyətli anda aləti yerə saldı və nəticədə "qızıl"ı uda bilmədi. Biz isə ümid edirik ki, bizdə hər şey alınacaq və Qarayeva Olimpiya mükafatçıları arasında olacaq.
- Ötən il bəzi tamamilə gənc gimnastlar da müxtəlif turnirlərdə çıxış edərək özlərini göstərdilər. Nəsillərin varisliyindən danışmaq olarmı?
- Son üç ildə biz tam bunun üzərində çalışırıq. Və bizim gənc, potensiallı, güclü gimnastlarımız var. Məsələn, Lalə Yusifova son iki il ərzində Avropa çempionatında yeniyetmələrin yarışlarında medallar qazanıb. Ötən il yeniyetmələrdən ibarət qrup komandası özünü çox gözəl göstərdi, eləcə də perspektivli Ləman Hacızadə, Gülsüm Şəfizadə, Yekaterina Prokopenko, Mənsurə Baqiyeva var. Fasilədən sonra qayıdan və ötən il yaxşı çıxış edən Zeynəb Cavadlını da unutmaq olmaz.
- Yəni, sizi 2012-ci ildə yeni xoş qayğılar gözləyir?
- Bəli və bu iş əslində zövq verir. Yeni zirvələrə doğru can atacağıq.