21 iyul 2016
“Milli Gimnastika Arenası bədii gimnastika üzrə Dünya Kubokunun keçirilməsinə tam hazırdır”, - deyə, Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.
Onun sözlərinə görə, zal həmişəki kimi yarışlara tam hazırdır: “Yarışların başlamasına üç həftə qalmış bütün sistemləri yoxlayır və sınaqdan keçiririk. İsti günləri nəzərə alaraq, soyutma sistemini dəqiqliklə sınaqdan keçiririk və zaldakı temperaturu ölçürük. Əminəm ki, tamaşaçılara yarışları izləmək rahat olacaq”.
Direktor qeyd edib ki, Dünya Kubokuna hazırlıq çərçivəsində arena idmançılar və azarkeşlər üçün bir sıra yeniliklər etmək qərarına gəlib: “Həmişəki kimi, Milli Gimnastika Arenası Azərbaycan Gimnastika Federasiyası ilə birlikdə yenilik etməyə çalışır. Bu dəfə bədii gimnastika üzrə Dünya Kubokuna milli kolorit vermək qərarına gəldik və zalı gimnastların çıxış edəcəyi əsas xalça ətrafında yerləşən doğma Qarabağ xalçalarının “çələbi” naxışları ilə tərtib etdik. Bu milli naxış, həmçinin mükafatlandırma mərasimi və rəsmi şəxslərin çıxışı zamanı fon qismində olacaq. Bundan başqa, tamaşaçılar üçün yeni "heşteq"lər əlavə etmək qərarına gəldik. Azarkeşlərimiz şəkil çəkdirməyi və fotolarını sosial şəbəkələrdə yerləşdirməyi çox sevirlər. Azarkeşlər həmin "heşteq"lərdən istifadə edə biləcəklər”.
M.Fərzullayev əlavə edib ki, bədii gimnastika üzrə Dünya Kubokunda batut gimnastikası üzrə Dünya Kubokunda olduğu kimi, əsas zalın yarısından istifadə olunacaq: “Bütün zalın istifadəsi tələb olunmayan yarışlar üçün adətən zalın yarısını bağlayırıq. Bu təcrübə özünü doğruldub. Çünki bu, ilk növbədə, idmançıların özü və yarışlar üçün rahatdır. Bu o deməkdir ki, zalın digər yarısını istifadə etməyəcəyik. Həmin hissə gimnastların yarışlara hazılığı üçün istifadə olunur”.
Direktor paytaxt sakinləri və qonaqlarını yarışlara gəlməyə və Azərbaycan idmançılarının dəstəkləməyə çağırıb: “Bu isti günlərdə Bakı sakinləri və qonaqlarını Dünya Kuboku yarışlarına gəlməyə, Azərbaycan idmançılarını dəstəkləməyə, gimnastikanı dərk etməyə və Olimpiya Oyunları ərəfəsində dünya ulduzlarının çıxışlarını öz gözləri ilə görməyə çağırıram”.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.
Yarışların ilk iki günü 26 gimnast və 9 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.
Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.
“Trend” İnformasiya Agentliyi, 21 iyul 2016-cı il