İdman

gimnastikadan

başlayır

Bakıda keçirilən FIG Dünya Kubokunu izləyən xarici dövlətlərin ölkəmizdəki rəsmi nümayəndələri yüksək təşkilatçılıqdan məmnun qalıblar

06 mart 2016

Bakıda keçirilən FIG Dünya Kubokunu izləyən xarici dövlətlərin ölkəmizdəki rəsmi nümayəndələri yüksək təşkilatçılıqdan məmnun qalıblar

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku mərhələsini izləməyə təşrif buyuran xarici dövlətlərin ölkəmizdəki rəsmi nümayəndələri yarışların yüksək səviyyədə təşkilindən çox məmnun olublar.

“Gözəl Bakının ab-havası Belarus gimnastlarının yüksək nəticələr qazanmasına kömək etdi”, bunu Trend İnformasiya Agentliyinə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadiy Axramoviç Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda ölkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşərkən deyib.

O qeyd edib ki, Azərbaycana bu yaxınlarda səfir təyin edilib.

"Cəmi yarım ildir ki, Bakıdayam və bu idman qurğusuna ilk gəlişimdir və bu yarışları ilk dəfə izləyirəm. Ən yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün möhtəşəm idman zalını, əla təşkilatçılığı və bu zalın işçi heyətininn mükəmməl işini xüsusi vurğulamaq istərdim", deyə, Axramoviç bildirib.

Səfirin sözlərinə görə, Belarus komandası xüsusilə onu sevindirib.

"Komanda beş medal qazandı və bunun dəyəri çox böyükdür. Bakı həmişə Belarusa qarşı bütün münasibətlərdə çox dostcasına yanaşıb. Hesab edirəm ki, Bakının ab-havası Belarus gimnastlarının yüksək nəticələr qazanmasına kömək etdi", deyə səfir qeyd edib.

Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Lopes Kardoso isə deyib ki,  Bakıda olduğu müddətdə gimnastikanın böyük azarkeşinə çevrilib.

Onun sözlərinə görə, ötən il İlk Avropa Oyunları çərçivəsində gimnastika yarışlarını izləyib.

"O zaman gimnastlarımızı dəstəkləməyə gəlmişdim. İndi onlar yenə də burada çıxış edirlər. Məhz burada – Bakıda mən bu idman növünün azarkeşi oldum və onu sevdim”, deyə, Kardoso qeyd etdi.

Müvəqqəti işlər vəkili, həmçinin bildirib ki, yarışlar ən yüksək səviyyədə təşkil edilib.

"Bakıda çox gözəl Milli Gimnastika Arenası var. Yarışların səviyyəsi Avropa Oyunları zamanı olduğu kimi yüksəkdir. Hər şey çox yaxşı təşkil edilib, yüksək təhlükəsizlik səviyyəsini hiss edirik", deyə, o diqqətə çatdırıb.

Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələləri üzrə birinci katibi Vadim Sidyaçenko isə Dünya Kubokunun təşkilatından və yarışların keçirilmə səviyyəsindən çox təsirləndiyini qeyd edib.

O, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku zamanı Ukrayna nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı konsul idmançılarla və məşqçilərlə söhbət edib, medalların qazanılması münasibətilə təbrik edib və sonrakı yarışlarda uğurlar arzu edib.

“Trend” İnformasiya Agentliyi, 6 mart 2016-cı il