14 fevral 2016
Oleq Stepko: “FIG Dünya “Challenge” Kubokunun Bakıda keçirilməsi idman gimnastikasının daha da populyarlaşmasına səbəb olacaq”
“Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun keçirilməsi ölkədə bu idman növünün daha da populyarlaşmasına səbəb olacaq”, bunu “Trend” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan gimnastı Oleq Stepko bildirib.
Onun sözlərinə görə, mövsümün tez başlaması səbəbindən turnirə hazırlıq kifayət qədər ağır keçir.
"Adətən, mövsüm martın ortalarında başlayırdı, hazırda isə erkən başladığına görə hazırlıq sürətli templə və məşq yükünün artması ilə həyata keçir. Fikrimcə, turnir vaxtı ən yaxşı formada olmasam da, yaxşı formaya yaxınlaşmış vəziyyətdə olacağam. Prinsipcə, bütün proqram hazırda tam işlənilib, hansısa elementlər mürəkkəbləşdirilib, lakin onu mükəmməl formaya çatdırmaq üçün kifayət qədər vaxtımız olmayıb", - deyə, Stepko bildirib.
O, həmçinin qeyd edib ki, turnirin Bakıda keçirilməsi gimnastlar üçün əlavə stimul olacaq.
"Dünya Kubokunun keçirilməsi müsbət haldır və bu gimnastikanın daha da populyarlaşmasına xeyli dərəcədə səbəb olacaq. Yarışlar çox maraqlı keçəcək, çünki buraya Asiya, Amerika və Braziliyadan idmançılar gələcəklər. Bizi maraqlı yarışlar gözləyir", - deyə, Stepko bildirib.
Onun sözlərinə görə, Azərbaycandan olan iştirakçıların Avropa Çempionatına iki heyətlə - əsas, yəni böyüklərdən və həmçinin gənclərdən ibarət komanda ilə getməsi planlaşdırılır:
"Biz iki komanda yığaraq layiqli çıxış etməyə çalışırıq. Avropa görə biləcək ki, artıq Azərbaycanın iki komandası var, biz işləyirik, inkişaf edirik və perspektivli gənc idmançılarımız var. Tədricən, inamla yaxşı nəticələr əldə olunacaq. Sadəcə, irəliyə doğru hərəkət etməli, dayanmamalı və bunu nə üçün etdiyini bilməlisən”.
Stepkonun sözləinə görə, Bakıdakı Mili Gimnastika Arenası yarışlara hazırdır.
"Arena yenidir və bütün lazımi avadanlqılarla təchiz olunub. Burada Dünya Çempionatı və digər istənilən yarışı keçirmək mümkündür. Bunun üçün hər cür şərait var",- deyə, Stepko bildirib.
Xatırladaq ki, idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku mərhələsi, 2016-cı ilin 19-21 fevral tarixlərində Bakıda – ötən ilin yayında Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışların təşkil olunduğu Milli Gimnastika Arenasında baş tutacaq. Kubokda ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda 19 ölkəni təmsil edən 46 kişi və 22 qadın mübarizə aparacaq. Ümumilikdə isə nümayəndə heyətlərinin tərkibində Bakıya 146 nəfər təşrif buyuracaq. Ayrı-ayrı alətlər üzrə final həyəcanı isə yarışın son günü olacaq. Fasilələr zamanı tamaşaçılar üçün maraqlı müsabiqələr və əyləncəli fləş-moblar təşkil olunacaq.
“Trend” İnformasiya Agentliyi, 12 fevral 2016-cı il