21 fevral 2014
Öz miqyasına görə nəhəng hadisə olan bədii gimnastika üzrə 30-cu Avropa çempionatı iyunun 10-16-da Bakıda keçiriləcək. Tədbirdə 30-dan artıq ölkənin iştirak edəcəyi gözlənilir.
Azərbaycanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi Mariana Vasilyeva "AzerNews" qəzetinə müsahibəsində öz fikirlərini sevinclə bölüşür və qarşıdakı hadisəyə hazırlıq haqqında danışır.
- Ötən il gimnastlarımız üçün çox uğurlu olub. Belə ki, onlar beynəlxalq turnirlərdə 85 medal qazanıblar. Bu yay keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı sizin hansı proqnozlarınız var?
- Mənim proqnozlar vermək vərdişim yoxdur, çünki biz insanıq - biz yalnız istəyirik, verən Allahdır. Bizim vəzifəmiz idmançılarımızı hazırlamaq və yüksək səviyyədə nümayiş etdirmək, Azərbaycanda bədii gimnastikanın inkişaf etdiyini, bizim məktəbimizin artıq dünyanın ən məşhur məktəbləri ilə rəqabət apara bilməsini göstərməkdir.
Gimnastlarımız var qüvvələri ilə çalışırlar. Deməliyəm ki, hər bir çıxışa məsuliyyətlə yanaşırıq, çünki insan həmişə və hər yerdə özünü göstərməlidir.
- Yığma hansı tərkibdə çıxış edəcək?
- Çempionatın formatı ötən il Vyanada Avropa çempionatında təsnifləşən 20 ən güclü yuxarı yaş qrupundan olan gimnastın fərdi çıxışını nəzərdə tutur. Xoşbəxtlikdən, iki gimnastımız - Marina Durunda və Lalə Yusifova seçiliblər. Bundan əlavə, turnirdə yuxarı yaş qrupu komandası da iştirak edir, yeniyetmələr isə komanda hesabında və fərdi hesabda (13 yaşından 15 yaşınadək qızlar) yarışacaqlar.
- Tamaşaçılar üçün yeni nə hazırlamısınız, hansısa yeni proqram olacaqmı?
- Bizdə proqram tamamilə yenidir. Mən ötən ildəki bütün kompozisiyaları tamamilə dəyişmişəm. Estoniyadakı ilk çıxışdan sonra mütəxəssislərdən aldığım ilk rəy müsbət oldu - çıxış hamının xoşuna gəlmişdi. Hesab edirəm ki, Müslüm Maqomayevin musiqisi altında "Üç top və iki lentlə" ifa yeni proqramın məğzi olacaq.
2009-cu il mənim işimin Azərbaycan yığması ilə başlanğıcı oldu. Hesab edirəm ki, bu müddət ərzində biz çox işlər görə bilmişik və hazırda bədii gimnastikaya maraq daha çoxdur. Bu zaman kəsiyində 22 gimnastımız Avropa çempionatlarının mükafatçısı olub. 30-cu yubiley çempionatından sonra isə düşünürəm ki, bədii gimnastika ilə məşğul olmaq istəyənlərin axını olacaq.
2015-ci ildə Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Artıq məlumdur ki, bədii gimnastika Oyunların siyahısına salınıb.
Yarışa təkcə bədii gimnastikanın deyil, Olimpiya idman növü olmayan akrobatika da daxil olmaqla, gimnastikanın digər beş növünün də daxil ediləcəyi faktı bizi sevindirir. Bütün bunlara Azərbaycan Gimnastika Federasiyası tərəfindən kuratorluq edilir. Ümid edirəm ki, biz hamımız gələcəkdə özümüzü tanıda biləcəyik. Çünki 2016-cı ildə Olimpiya Oyunları keçiriləcək. Odur ki, bu, Olimpiya oyunları ərəfəsində yaxşı başlanğıc olacaq.