10 oktyabr 2015
Pavlo Netreba: Stepko və Paxnyukun Dünya Çempionatının medalları uğrunda mübarizə aparmaq üçün şansları var
Azərbaycanın kişi idman gimnastikası üzrə yığma komandası, oktyabrın 23-ü Qlazqoda start götürəcək, Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Çempionatına hazırlığın son mərhələsinə qədəm qoydu. Mövsümün ən önəmli yarışı öncəsi çıxış proqramının bir daha sınanması, Oleq Stepkonun qalib gəldiyi Bakı Çempionatında baş tutdu. Turnirin necə keçməsi və qarşıdakı Dünya Birinciliyinə olan məqsədlər haqda yığma komandanın Baş məşqçisi Pavlo Netreba azerisport.com idman agentliyi ilə müsahibəsində danışdı.
Qlazqodakı yarış öncəsi Bakı Çempionatının keçirilməsi nə dərəcədə əhəmiyyətli idi?
Əsas etibarilə, beynəlxalq qaydalara uyğun bir yarış oldu. Təşkilatçılıq baxımından, faktiki olaraq bu yarış beynəlxalq səviyyədə keçirildi. Bu isə bizə heç yerə getmədən, tam məşq prosesi keçirməyə imkan yaratdı. Bakı Çempionatının modeli isə Dünya Birinciliyinə maksimal dərəcədə yaxın oldu.
Bu Dünya Birinciliyinə yola düşməmişdən əvvəl son sınaq idi?
Faktiki olaraq, əvvəlcədən hər şeyi planlaşdırmışdıq. Yarışdan iki həftə öncə biz İsraildə yarışda olduq, sonrakı 2 həftə ərzində isə iş yükünü artırdıq. Bakı Çempionatından sonra da elə təxminən həmin müddətdə intensiv surətdə məşq edəcəyik. Daha sonra isə Qlazqoya yollanacağıq. Gimnastlarımız yetərincə təcrübəlidir və proqramlarının sınaqdan keçirilməsi üçün bir neçə yarışlarda iştirakları onlara kifayət edir. Əsas odur ki, lazımi həcmdə olan işi yerinə yetirsinlər. Təbii ki, bütün bunları Bakıda etmək daha yaxşı və asandır, çünki burada bizim ixtiyarımızda yüksək səviyyəli idman zalı, bərpa edici vasitələr və tibbi heyət var. Hər şey kompakt və rahat şəkildə təşkil olunmuşdu və doğrudan da yarış yaxşı alındı. Komandamız bu il çoxlu fiziki və psixoloji güc sərf etdiyi Avropa Oyunlarını geridə qoydu. Bundan əlavə, idmançılarımız təcrübəlidirlər, ona görə də axırıncı bir neçə yarış hazırlıq baxımından yetərlidir. Düşünürəm ki, hər şey nəzərə alınıb və Dünya Çempionatına yaxşı formada yaxınlaşırıq.
Bakı Çempionatının gedişatında, elə görünürdü ki, Oleq Stepko öz çıxış səviyyəsindən, o qədərdə razı deyil. Bu normal iş prosesidirmi?
Məşqlərdə Oleq kombinasiyaları daha keyfiyyətli yerinə yetirdiyindən, bunu yarışda da təkrarlamaq arzusunda idi. Lakin burada kiçik narahatçılığa səbəb olan isinmə üçün qısaldılmış vaxt, diqqət mərkəzində olma, fərqli işıqlandırma kimi məqamlar var idi. Buna görə də, bəzi qeyri-dəqiqliklər meydana gəldi. Qarşıda bunlar üzərində işləməyə 2 həftəmiz var. Düşünürəm mənimlə razılaşarsınız ki, Oleqin öz çıxışından tam razı qalıb, rahatlaşması daha pis olardı. Lakin indiki vəziyyətdə üzərində işləməli olduğu məqamlar var və özü bütün bunları çox gözəl anlayır. O, Dünya Çempionatında rəqiblərinin kim olacağını da bilir. Bakıda Avropa Oyunlarında çıxış etmiş ən güclü idmançıların sırasına, Asiya və Amerika qitəsinin təmsilçiləri də əlavə olunacaq. İdman gimnastikasının coğrafiyası olduqca genişdir və Stepko kimlərlə rəqabət aparacağını bilir. Təbii ki, biz hamımız hərəkətlərin icrasının mükəmməl olmasını arzu edirik. Təəssüf ki, həmişə alınmır, lakin bunun üçün çalışacağıq.
Dünya Çempionatında iştirak edəcək heyət dedikdə, Qlazqoda Stepko və Paxnyuk çıxış edəcəklər?
Təəssüf ki, keçən ilin Dünya Çempionatının nəticələrinə əsasən, biz komanda birinciliyində iştirak etməyəcəyik. Buna görə də idmançılarımız yalnız fərdi proqramda mübarizə aparacaqlar. İlk olaraq, Qlazqoda üç idmançı ilə təmsil olunacağımızı düşünürdük, lakin Eldar Səfərov zədələndi və çiyin zədəsindən sonra müəyyən bərpaedici proseduralar həyata keçirilir. Və buna görə də, Qlazqoda Stepko və Paxnyuk çıxış edəcəklər.
Bəs Dünya Çempionatının nəticələrinə görə Olimpiya Oyunlarına lisenziya qazanma qaydaları nədən ibarətdir?
Hər hansı bir alətdə və ya çoxnövçülükdə qazanılmış medal Olimpiya Oyunlarında iştirakı təmin edir. Həm Stepko, həm də Paxnyuk parallel qollarda çox yaxşı çıxış edirlər. Misal üçün, Bakı Çempionatında onların sözügedən alətdə xalı yeddi oldu. Bu isə ən yüksək çətinlik dərəcələrindən biridir. Bəli, ola bilər ki, kimsə hərəkətlərin icrasından sonra 7.1 xal alsın. Onların hərəkətləri icra etməsi də pis deyil. Belə ki, mübarizə aparacağımıza ümid edirəm. Yenə də, bu idmandır. Bizə isə yalnız çalışmaq qalır və görək axırda nə alınacaq. Hamı mükafat qazanmaq istəyir, fəxri kürsüdə isə cəmi 3 yer var. Lakin şansımız var. Təbii ki, yarışa perspektivlərimizin olduğunu bilərək yollanmaq ikiqat xoşdur. Əgər Qlazqoda alınmasa, lisenziyanı Test turnirində qazanmaq imkanımız var.
azerisport.com 09/10/2015