25 yanvar 2013
- Rauf müəllim, yeni Olimpiya dövrü başlayıb. Sizin ümumilikdə Azərbaycanda idmanın, habelə gimnastikanın hazırkı vəziyyəti barədə fikriniz necədir?
- Şübhəsiz ki, əsas hadisə 2015-ci ildə Bakıda I Avropa Oyunlarının keçirilməsi haqqında qərardır. Mən bunu böyük tarixi hadisə kimi qiymətləndirirəm. Bu oyunların keçirilməsinin məhz Azərbaycana həvalə olunması, Prezident İlham Əliyev başda olmaqla Milli Olimpiya Komitəsinin uğurlarının tanınması beynəlxalq və Avropa Olimpiya hərəkatının ölkəmizdə görülən bütün işlərə, habelə idman sahəsində qazanılan nailiyyətlərə verdiyi yüksək qiymətdir. Mən tamamilə əminəm ki, Təşkilat Komitəsinə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi həmin oyunlar həm idman, həm də təşkilati planda uğurlu olacaq.
Gimnastikaya gəldikdə, mən bu günlərdə ölkə yığmasının yoxlama məşqində oldum. Bilirsinizmi, mən nəyi xatırladım? 10 il əvvəl bizim praktiki olaraq hər şeyi sıfırdan başlamağımız lazım gəlmişdi. İlk vaxtlar təlim-məşq toplanışları, yarışlar haqqında adi təsəvvürlər belə yox idi. Azərbaycanı cəmi bir (!) gimnast təmsil edirdi.
Bu gün isə mən zalı gördüm, orada sözün həqiqi mənasında iynə atsaydın, yerə düşməzdi. Bölgülər aparılmağa başlanıb, istedadlı gənclər aşkara çıxarılır. Baş məşqçi Mariana Vasileva yuxarı yaşlı və gənc gimnastlarla birlikdə tam gücləri ilə çalışan 8-12 yaşlı gimnastlardan ibarət milli komandanı da nəzarətdə saxlayır. Seçim aparılır və təkcə bu il deyil, növbəti illər üçün yarışlara da hazırlıq gedir. Yəni yığmanın bütün məşqçilərinin kollektiv işi göz önündədir.
Və mən tezliklə idman üfüqlərində parlaq ulduzları görsəm, qətiyyən təəccüb etmərəm, ustalıq və əminlik gündən-günə artır. Azərbaycanın istedadlı zərifləri dünya gimnastika aləmində çox məşhur olacaqlar.
- Buna Milli Gimnastika Arenası da yardım edəcək...
- Haqlısınız. Hazırda Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və bu sahədə müvafiq proseslər davam edir. Gimnastika sarayının tikintisi gücləndirilmiş sürətlə, əgər belə ifadə etmək mümkünsə, gecə və gündüz gedir. İnşaatçılar kompleksin bu yayın sonlarınadək hazır olacağına əmindirlər. Və bu arena üçün birinci böyük sınaq 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı olacaq. Əlbəttə, çox istərdim ki, tamaşaçılarımız valehedici 2015-ci il bədii və idman gimnastikası, batut üzrə Avropa oyunları yarışlarını da bu arenada izləsinlər.
- Bəs Siz cari ilin turnirlərindən nə gözləyirsiniz?
- Hər şeydən əvvəl, uğurlar və qələbələr, habelə heç bir zədənin olmaması. Yarış ili Estoniyada gimnastlarımızın ənənəvi olaraq inamla çıxış etdikləri Dünya kuboku mərhələsi ilə başlayır. Və əlbəttə ki, ölkənin bütün idman ictimaiyyəti mayda Vyanadakı Avropa birinciliyindən və avqustda Kiyevdə keçiriləcək dünya çempionatından xoş xəbərlər gözləyir.