17 fevral 2016
İspaniya gimnastları FIG Dünya “Challenge” Kubokunda iki medal qazanmağa niyyətindədirlər
İspaniyalı gimnastlar Bakıda fevralın 19-21-də keçiriləcək idman gimnastikası üzrə FIG Dünya “Challenge”Kubokunda medallar qazanmaq niyyətindədirlər.
“Yarışların dörd növü üzrə finala çıxa biləcəcəyimizə və iki medal qazanacağımıza ümid edirik”, bunu “Trend” İnformasiya Agentliyinə müsahibəsində İspaniayanın kişi idman gimnastikası üzrə yığma komandasının Baş məşqçisi Fernando Siskar deyib.
Baş məşqçi xatırladıb ki, daha əvvəl İlk Avropa Oyunlarında iştirak etmək üçün Bakıya səfər ediblər: “Rayderley Migel Sapata Santananın həmin vaxt sərbəst hərəkətlərdə qızıl medal qazanıb. Buna görə də Milli Gimnastika Arenası bizə tanışdır. Arenanın yarışlar üçün ideal olduğunu hesab edirik və əvvəlki uğurlarımızı təkrarlamaq istərdik".
Siskar ispaniyalı idmançıların bu günün ikinci yarısında məşqlərə başlayacağını deyib: "Biz səhər saatlarında gəlmişik, bütün gecəni yolda keçirmişik, buna görə də gimnastlara istirahət verdik. Günün ikinci yarısında məşqlərə başlayacağıq ki, idmançıları formaya salaq".
Dünya Kuboku – ümumdünya gimnastika təqvimində mühüm hadisələrdən biridir, buna görə də Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz nümayəndəsini – Kişi İdman Gimnastikası üzrə Texniki Komitənin Almaniyadan olan üzvü Holqer Albrexti Bakıya ezam edəcək. O, alman dəqiqliyi ilə yarışların gedişatını izləyəcək və bu subyektiv idman növündə hakimlərin qərəzsizliyinə nəzarət edəcək. Bakıya, həmçinin FIG-nin Qadın İdman Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti və Olimpiya Çempionu Nelli Kim (Belorus) də səfər edəcək.
Bakıdakı turnir yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Müxbir və televiziya jurnalistlərini Dünya Kubokuna ezam edən Yaponiyada yarışların geniş işiqlandırılması gözlənilir.
“Trend” İnformasiya Agentliyi, 17 fevral 2016-cı il