01 aprel 2018
Azərbaycan Gimnastika Federasiyası (AGF) rusiyalı mütəxəssis Tamara Beqidovanı Bakıya dəvət edib. Üç gün ərzində o, adaptiv bədən tərbiyəsinin inkişafı və əsasən Xüsusi Olimpiya Oyunları proqramı çərçivəsində gimnastika mövzusu üzrə seminar keçmişdir. Bu proqram məhdud əqli imkanlara malik uşaqlarla işi nəzərdə tutur.
Varonej Dövlət Bədən Tərbiyəsi İnstitutunun professoru və Xüsusi Olimpiya Oyunlarının Avrasiya liderləri Şurasının üzvü olan T. Beqidova seminar bitdikdən və azərbaycanlı məşqçilərdən imtahan götürdükdən sonra azerisport.com saytına müsahibə vermişdir.
Azərbaycana səfəriniz nə dərəcədə məhsuldar olub?
Mənim Bakı ilə bağlı ən xoş xatirələrim var – mən 1983-cü ildə burada öz akrobat həmkarımla komanda hesabında SSRİ çempionu adını qazanmışam və o zaman biz hamımız sizin şəhərə heyran qalmışdıq. İndi də o yaxşı tərəfə çox dəyişilib və burada olmaq çox xoşdur. Mənim səfərimə gəldikdə isə deyə bilərəm ki, bu səfəri yeni il tamaşasında iştirak etmiş məhdud imkanlı uşaqlarla işləyən məşqçilərə təlim keçmək üçün AGF təşkil etmişdir.
Bəs seminar özü necə keçdi?
Bu seminar 3 gün ərzində keçirildi və nəzəri bilikləri özündə əks etdirdi. Burada iştirakçılar adaptiv idman, Xüsusi Olimpiya Oyunlarının proqramı, gimnastika və məhdud əqli imkanlara malik uşaqlarla işləmək üsulları haqqında biliklər əldə etdilər. Məşqçilər bundan əvvəl də bu uşaqlarla işləyiblər, lakin bu proqramlar haqqında ətraflı məlumatları yox idi. Daha sonra isə imtahanlar keçirildi. Məşqçilər test imtahanını uğurla verdilər və daha sonra biz təcrübi təlimlərə keçdik. Biz həm də Xüsusi Olimpiya Oyunlarının Avropa Şurası vasitəsilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi ilə əlaqə yaratdıq və bununla mən öz missiyamı tam olaraq yerinə yetirmiş hesab edirəm.
Düşünürəm ki, artıq gələn il Abu-Dabidə keçiriləcək Xüsusi Olimpiya Oyunlarında sizin ölkəniz gimnastika komandası ilə təmsil olunacaq.
Sizcə bu tam realdır?
Düşünürəm ki, bəli. Məşqçilərin əldə etdiyi biliklər sayəsində onlar daha çox idmançılar hazırlayacaqlar. Onların hazırda məşğul olduqları uşaqlar isə ilk növbədə, onların inteqrasiyası və sonrakı inkişafı üçün Xüsusi Olimpiya Oyunlarına göndərilə bilərlər.
Bu geniş miqyaslı başlanğıc proqrama hansı gimnastika növləri daxildir?
Buraya idman gimnastikası və bədii gimnastika daxildir. Bütövlükdə isə, bu növ turnirləri götürsək, gimnastika yalnız Xüsusi Olimpiya Oyunlarına daxil edilib, o nə Paralimpiya Oyunları, nə də Surdolimpiadada yoxdur.
Bu cür uşaqların hazırlanmasında məşqçilərin işinin əsas xüsusiyyəti nədən ibarətdir?
Məhdud imkanlara malik uşaqlar xüsusi uşaqlardır və burada tam sağlam uşaqlarla müqayisədə bir qədər fərqli yanaşma lazımdır. Eyni zamanda anlamaq lazımdır ki, onlar xüsusi uşaqlardır.
Siz bundan sonra da yeni tələbələrinizi istiqamətləndirib, onlarla əlaqə saxlayacaqsınız?
Biz İnternet dövründə yaşayırıq, ona görə də lazım olan istənilən zamanda əlaqə saxlamaq və məsləhətləşmək olar. Bundan başqa, 1 həftə sonra Bratislavada (Slovakiya) keçiriləcək Xüsusi Olimpiya Oyunlarının Avropa/Avrasiya lideləri Şurasında mən Azərbaycandakı seminarın necə keçməsi haqqında danışacağam.