İdman

gimnastikadan

başlayır

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Yelizaveta Luzan

24 avqust 2019

Azərbaycanın Dünya Çempionatında çıxış edəcək təmsilçiləri ilə tanışlıq: Yelizaveta Luzan

Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatından öncə sizi Azərbaycan təmsilçiləri ilə tanış etmək istərdik.

Çempionatın iştirakçılarından biri Yelizaveta Luzandır (hamı onu Liza deyə çağırır). O, 2003-cü ilin 14 mart tarixində Ukraynada anadan olub. Liza ailə vəziyyəti ilə əlaqədar 2014-cü ilin sonunda Bakıya köçüb və hazırda anası ilə burada yaşayır. O, 11-ci sinif şagirdidir. Liza filmlərə baxmağı, rəsm çəkməyi, həmçinin kağızdan oriqami düzəltməyi sevir. Gimnastikada onun kumiri gimnast Anna Rizatdinovadır. Lizanı gimnastikaya 8 yaşında validenləri gətirib. 2019-cu ildən etibarən o, artıq böyüklər yaş qrupunda çıxış edir.

Liza, nə üçün məhz gimnastikanı seçmisən?

Uşaqlıqdan televizorda gimnastlara baxanda onların çıxışları mənim çox xoşuma gəlirdi. Xüsusilə, lentlə çıxışları xoşlayırdım və mənə alınan ilk alət də elə lent olub.

Zəhmət olmasa, bizə bir qədər öz nailiyyətlərin haqqında məlumat ver.

Mən həm milli, həm də bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və medallar qazanmışam. 2018-ci ildə İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş Avropa Çempionatında lentlə proqramda finala vəsiqə qazandım və 6-cı oldum. Elə həmin il Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qarışıq-komanda yarışlarında qızıl medal qazandım.

Dünya Çempionatına hazırlıq necə gedir?

Dünya Çempionatına hazırlıq intensiv gedir. Biz səylə çalışırıq. Bizim tez-tez, demək olar ki, hər gün yoxlama məşqlərimiz olur.

Yəqin ki, rəqiblərin çox olacaq?

Mən rəqiblərlə deyil, ilk növbədə özüm özümlə mübarizə aparmalıyam. İndi mənim üçün əsas fərdi proqram üzrə çıxışda yer qazanmaq deyil, mən komanda hesabında mübarizə aparacağam. Çox istəyirəm ki, yaxşı çıxış edim və komandamıza kömək edim.

Bədii gimnastikada səni daha çox nə cəlb edir?

Mənim bədii gimnastikada xoşuma gələn cəhət odur ki, musiqi müşayiəti ilə öz emosiyalarını ifadə edə bilirsən. Gimnastların həmişə gözəl və parlaq çıxış geyimləri olur. Bədii gimnastika həm də çox zərif idman növüdür.

Hansı alətlə çıxış etmək daha çətindir?

Hər bir alətin öz çətinliyi var. Məsələn, lent dolaşa bilər, gürzlər isə iki dənədir və onlara nəzarət etmək lazımdır. Mənə gürzlərlə çıxış etmək daha çətindir, çünki onlar iki dənədir (gülümsəyir).

Bəs məşqlər vaxtı sənin üçün nə çətin olur?

Hər gün fərqli olur. Əsas odur ki, başlayasan, sonra hər şey qaydasına düşür.

Yarışlardan öncə sakitləşmək, həyəcana üstün gəlmək üçün nə edirsən?

Məni yarışlara hazırlayan məşqçilər sakitləşməkdə mənə kömək edirlər. Mən özüm də sakit olmağa, həyacanlanmamağa çalışıram. Çıxışdan öncə hər şeyi yoxlamalıyam, yalnız bundan sonra yarış xalçasına çıxmağa hazır oluram. Ən əsası çıxışa başlamaqdır. Mənim üçün ən çətini budur, amma sonra daha sakit oluram. Tamaşaçılar alqışlayanda isə çox xoş olur, bu mənə müsbət təsir göstərir.

Gimnast kimi əsas məqsədin nədir?

Böyüklərin Olimpiya Oyunlarında çıxış etmək və yaddaşlarda qalmağı istəyərdim.

 

Lizaya uğurlar arzulayırıq!