İdman

gimnastikadan

başlayır

“Bakıda Dünya Kubokunun keçirilməsi üçün yaradılmış şərait ən yaxşılarından biri hesab olunur”: Beynəlxalq Gimnastika Federasiyasının nümayəndəsi

18 fevral 2016

“Bakıda Dünya Kubokunun keçirilməsi üçün yaradılmış şərait ən yaxşılarından biri hesab olunur”: Beynəlxalq Gimnastika Federasiyasının nümayəndəsi

“Bakıda idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kubokunun keçirilməsi üçün yaradılmış şərait ən yaxşılarından biri hesab olunur”, bunu Trend-ə müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Kişi İdman Gimnastikası üzrə Texniki Komitəsinin üzvü Holqer Albrext deyib.

"İlk dəfədir ki, Bakıdayam və burada olmağıma çox şadam. Müxtəlif ölkələrdə Dünya Kubokunun bir çox mərhələlərində olmuşam və hesab edirəm ki, Bakıdakı şərait ən yaxşılardan biridir. Arena çox rahat məkanda yerləşir, idmançılar və hakimlər üçün əla şərait yaradılıb. Əminəm ki, yarışlar çox gözəl keçəcək", - deyə, Albrext bildirib.  

Albrextin sözlərinə görə, Beynəlxalq Gimnastika Federasiyası bir neçə səbəbə görə 2016-cı il Dünya Kubokunun ilk mərhələsini Bakıda keçirmək qərarına gəlib: "Birincisi, odur ki, ötən il Bakı İlk Avropa Oyunlarını yüksək səviyyədəl təşkil edərək, bu sınaqdan layiqincə çıxdı. Dünya gimnastika ictimaiyyətindən aldığımız bütün rəylər müsbət olmuşdur. Azərbaycanın böyük yarışların keçirilməsi üçün zəruri olan mükəmməl şərait yaratdığı məlumdur. Hesab edirəm ki, gələcəkdə Bakı FIG-in yarış təqvimində əhəmiyyətli yer tutacaq. Təbii ki, burada Dünya və Avropa Çempionatlarının Bakıda keçirilməsi istisna olunmur. Bu mümkündür, çünki bütün şərait ən yüksək standartlara cavab verir".

O, qeyd edib ki, Bakıda yarışların keçirilməsi üçün böyük zalı olan və zəruri şərait sayılan xeyli sayda tamaşaçı tutumuna malik möhtəşəm Milli Gimnastika Arenası mövcuddur: "Bundan savayı, zalda eyni zamanda bütün gimnastika alətlərini yerləşdirmək mümkündür ki, bu da gimnastikanın bütün növləri üzrə yarış keçirməyə imkan verir. Üstəlik, ölkənin iri-miqyaslı turnirlərin təşkilində böyük təcrübəsi var və Dünya Kubokunun başlamasına iki gün qalmış artıq hər şeyin necə yaxşı təşkil edildiyi hiss olunur. Növbəti Olimpiya dövrəsində Dünya Kubokunun bəzi mərhələləri Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Onların keçirilməsi üçün isə xüsusi şərait lazımdır ki, Bakı da buna malikdir. Şəhərin növbəti Olimpiadaya lisenziyaların oynanılacağı Dünya Kubokunu keçirmək üçün şansı böyükdür".

Albrext, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda gimnastikanın, eləcə də idmanın inkişaf səviyyəsi ümumilikdə çox yüksəkdir.

"Ölkədə inkişaf üçün əla şərait yaradılıb, insanlar həyatlarının bir hissəsinə çevrilməli olan idmana həvəs göstərirlər. Əminəm ki, Azərbaycan gələcəkdə idman gimnastikasında böyük gücə çevriləcək. Bunun üçün burada hər cür şərait var, lakin bu, uzun yoldur. Uşaqlar və gənclərlə çox işləmək lazımdır və Azərbaycanın gələcəkdə şansı yüksəkdir".

Qeyd edək ki, 19-21 fevral tarixlərində Bakıda idman gimnastikası üzrə Dünya “Challenge” Kuboku keçiriləcək.

“Trend” İnformasiya Agentliyi, 17 fevral 2016-cı il