İdman

gimnastikadan

başlayır

YANA BATIRŞINA: İNANILMAZDIR, AMMA ARTIQ İNDİ AZƏRBAYCAN YIĞMASININ GİMNASTLARI ÇOX GÖZƏL FORMADADIRLAR!..

08 may 2014

YANA BATIRŞINA: İNANILMAZDIR, AMMA ARTIQ İNDİ AZƏRBAYCAN YIĞMASININ GİMNASTLARI ÇOX GÖZƏL FORMADADIRLAR!..

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı ərəfəsində Azərbaycan yığmasının təlim-məşqlərinin fəxri qonağı olan 1996-cı il Atlanta olimpiadasının vitse-çempionu, yeddiqat dünya çempionu və beşqat Avropa çempionu rusiyalı Yana Batırşinanın Trend-ə müsahibəsi

- Yana, xoş təsadüf nəticəsində təlim-məşqlərin keçirilməsi zamanı Bakıdasınız. Gimnastların çıxışlarını necə qiymətləndirirsiniz və onlardan hansı sizin yadınızda qalıb?

- Bakıda keçiriləcək Avropa çempionatına elə də çox vaxt qalmayıb. Birmənalı olaraq deyə bilərəm ki, gimnastlar indi çox gözəl fiziki formadadırlar. Çıxış edənlər arasında Azərbaycan yığmasının lideri Marina Durundanı göstərə bilərəm. Onun çıxışı qeyri-adi idi, xüsusilə hərəkətlərindəki yüngüllüyü vurğulamaq istəyirəm. Lalə Yusifovanı da qeyd etmək istəyirəm. Biz bilirik ki, o, zədədən sonra bərpa dövrü keçir. Ehtiyatda hələ bir aydan çox vaxt var və ümid edirəm ki, o, tamamilə bərpa oluna biləcək. Həmçinin gənc nəslin gimnastlarını - Jalə Piriyeva və Züleyxa İsmayılovanı da qeyd etmək istərdim. Onlar öz möhtəşəm çıxışları ilə məni valeh etdilər. Hesab edirəm ki, onların böyük gələcəyi var. Gənc yaşda olmalarına baxmayaraq, ustalığa yiyələniblər və kifayət qədər mürəkkəb elementləri yerinə yetirirlər.

- Siz ümumilikdə Azərbaycanda bədii gimnastikanın inkişafını necə qiymətləndirirsiniz? Sizcə, son bir neçə il ərzində nə dəyişib?

- Bilirəm ki, federasiyaya ölkənizin birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir. Bu, artıq çox şeydən xəbər verir. Marina Vasilevanın Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilməsi ilə başlayan müsbət dəyişiklikləri də qeyd edirəm. Bolqar məktəbi güclü tərkibi ilə fərqlənir. Bu, predmetlərlə inanılmaz iş, maraqlı quruluşlardır. Bu, sadəcə elementlərin və hərəkətlərin yığını deyil, çıxışların quruluşuna diqqətli yanaşma, düzgün hərəkətlərdir. Hər şey o qədər idealdır ki, bunu şübhəsiz ki, mini-tamaşa adlandırmaq olar. Bolqar məktəbi daim bunlarla fərqlənib. Azərbaycanlı gimnastlar həmişə güclü olublar, amma yalnız quruluş və düzgün iş çatışmayıb.

Əlbəttə ki, Azərbaycanın daim xatırladığımız və bu yaxınlarda öz karyerasını başa vuran Aliyə Qarayeva, eləcə də Dinara Gimatova kimi çox gözəl gimnastlarını da qeyd edə bilərəm. Mən həmişə Azərbaycana azarkeşlik etmişəm. Bura mənim ikinci Vətənimdir. İndi mən hazırkı gimnastlar nəslini izləyirəm. Gimnastların gənc nəsli ilə, sözsüz ki, gələcək çox gözəl olacaq.

- Azərbaycan yığmasının Avropa çempionatına hazırlığını necə qiymətləndirirsiniz?

- Artıq dediyim kimi, Azərbaycan yığmasının gimnastları çox gözəl fiziki formadadırlar. Ola bilsin ki, ideala qədər çatdırılması lazım gələn hansısa natamamlıqlar qalıb. Jalə Yusifovanın tezliklə sağalmasını, onun daha çox bərpa oluna bilməsini və formaya düşməsini arzulayıram. Görünür ki, onun üçün bir az çətindir. Amma buna baxmayaraq, o, peşəkardır və bu gün nəyə qadir olduğunu maksimum nümayiş etdirdi. Və bu, maksimum - çox yüksək səviyyədir.

- Məlumdur ki, siz turnirlər keçirirsiniz. Bu yarışlarda Azərbaycan gimnastları iştirak edirlərmi?

- Çıxış edənlər arasında mənim turnirlərimdə iştirak edən iki gimnast gördüm. Onlar Gülsüm Şəfizadə və Ruqiyyə Səttarovadır. Bu qızlar hələ Azərbaycan yığmasının üzvləri olmadıqları zaman mənim turnirlərimdə iştirak ediblər. Çox xoşdur ki, onlar bu il artıq ölkə yığmasına daxil olublar və bu münasibətlə mən onları təbrik edirəm. Bu, çox böyük uğurdur.

- Bakıdakı yeni Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?

- Bakıda Milli Gimnastika Arenasının tikildiyini eşitmişdim. Lakin onu görəndə, mən sadəcə gözlərimə inanmadım. Bilirəm ki, Kazanda gimnastika arenası var, lakin mən orada olmamışam. Və əlbəttə, mən heç nə ilə müqayisə edə bilmirəm, amma bir şeyi dəqiq söyləyə bilərəm: həyatımda belə arena görməmişəm. Bu kompleksdə böyük sayda məşq xalçaları, mehmanxana və s. var. Bu sadəcə xəyaldır! Burada yaxşı məşq etmək və yaxşı çıxış etmək üçün hər cür lazımi şərait var.

- Yana, hazırda nə ilə məşğulsunuz? Ailəniz haqqında danışardınız...

- Hazırda "Karusel" telekanalında məktəblilər üçün "Bir nəfər hamıya qarşı" intellektual şousunun ararıcısıyam. Artıq üçüncü ildir turnirlər keçirirəm. Mən həyat yoldaşı və iki gözəl qız anasıyam. Ərimi - "Parni iz Baku" ŞHK-nın üzvü Timur Vaynşteyni çoxları tanıyır. Doğrusu, buna görə mən buradayam. Mən Azərbaycanı, Bakını həddindən artıq çox sevirəm və burada özümü evdəki kimi hiss edirəm.

- Uşaqlarınızın gələcəyini gimnastika ilə bağlayacaqsınızmı?

- Böyük qızım Məryəm bir il əvvəl gimnastika ilə məşğul olurdu. Amma, göründüyü kimi, bu idman növünə onun gücü çatmadı və o özü üçün başqa məşğuliyyət seçdi. O, indi oxuyur və rəqslə məşğul olur. Kiçik qızım Ayla təəssüf ki, gimnastika üçün göstəricilərə malik deyil. Hesab edirəm ki, əgər idmanın bu növü üzrə göstəriciləri yoxdursa, ona əziyyət verməyə dəyməz. Ona görə də o, rəqslə, fiqurlu konkisürmə il məşğul olur və şəkil çəkir.

- Bakıya Avropa çempionatına gələcəksinizmi?

- Təəssüf ki, alınmayacaq, çünki çempionatın keçirildiyi dövr yay tətilinə düşür. Çox güman ki, mən uşaqlarla birlikdə istirahətdə olacağam. Amma, televiziyada translyasiyaya baxmağa və güclü azarkeşlik etməyə söz verirəm!..