İdman

gimnastikadan

başlayır

Avropa Gimnastika İttifaqının Vitse-prezidenti Fərid Qayıbov Bakıda ilk dəfə keçiriləcək Batut Gimnastikası üzrə Dünya FIG Kuboku haqda danışıb

02 mart 2016

Avropa Gimnastika İttifaqının Vitse-prezidenti Fərid Qayıbov Bakıda ilk dəfə keçiriləcək Batut Gimnastikası üzrə Dünya FIG Kuboku haqda danışıb

Avropa Gimnastika İttifaqının Vitse-prezidenti Fərid Qayıbov Bakıda ilk dəfə keçiriləcək Batut Gimnastikası üzrə Dünya FIG Kuboku haqda danışıb

“5-6 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə keçiriləcək batut gimnastikası üzrə FIG Dünya Kuboku Azərbaycanda bu gimnastika növünün inkişafına səbəb olacaq”, bunu “Vestnik Kavkaza” portalının müxbiri ilə söhbəti zamanı Avropa Gimnastika İttifaqının Vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov deyib.

Hazırkı turnir bu il Bakıda keçirilən beynəlxalq gimnastika yarış mərhələlərinin bir hissəsidir. “İki həftə öncə idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku keçirildi, bu həftə biz batut gimnastikası üzrə Dünya Kubokunu təşkil edirik, iyulda isə bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq”, - deyə, Avropa Gimnastika İttifaqının Vitse-prezidenti bildirib.

O qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası yarışların keçirilməsi üçün öz imkanlarından, ilk öncə isə Milli Gimnastika Arenasının imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışır.

“Son illərdə biz gimnastikanın üç yeni növünü inkişaf etdirməyə başlamışıq. Belə ki, hazırda Azəbaycanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan yeddi gimnastika növü fəaliyyət göstərir. Onlardan biri isə bu növ üzrə artıq müəyyən nailiyyətlərimizin olduğu batut gimnastikasıdır. Belə ki, keçən il İlk Avropa Oyunları zamanı gimnastımız İlya Qrişunin bürünc medal qazandı”, - deyə,  F.Qayıbov xatırladıb.

Azərbaycan Gimnastika Federasiyası batut gimnastikasının inkişafında maraqlıdır, çünki bu Olimpiya idmanın növüdür. “Turnirlər gimnastikaya olan marağı artırır: hər dəfə belə yarışlardan sonra biz yüzlərlə zənglər qəbul edirik, bizim “Facebook” sosial şəbəkəsindəki səhifəmizə daim şərhlər yazırlar. Federasiyanın ən mühüm vəzifələrindən biri - gimnastikanın bütün növlərinin inkişafıdır və biz bu Dünya Kubokunun yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik ki, Azərbaycanda batut gimnastikası üzrə beynəlxalq yarışları hər il keçirə bilək”, - deyə, Federasiyanın Baş katibi qeyd edib.

Bu Dünya Kubokunda iştirak etmək üçün Bakıya məşhur gimnastların gəlməsi gözlənilir. “Kubokda iştirak üçün sonuncu Olimpiya Oyunlarının gümüş medalçısı Rusiya təmsilçisi Dmitri Uşakov gələcək. Dünya Çempionatının mükafatçısı Vladislav Qonçarov daxil olmaqla çox güclü Belarus idmançıları yarışlara qatılacaq. Fransadan Sebastyan Martini, Rusiayadan Andrey Yudin və Mixail Melnik – bunların hamısı Dünya Çempionatlarının mükafatçılarıdır. Qadınlar arasında da güclü gimanstlar çıxış edəcək, misal olaraq Özbəkistandan Yekaterina Xilko, Belarusdan Tatyana Petrenya, Ukraynadan Natalya Moskvina, Rusiyadan Yana Pavlovanı göstərmək olar.  Ümumilikdə, Dünya Kubokunda kifayət qədər güclü yığmalar təmsil olunacaq. Avropa idmançıları üçün bu yarışlar martın sonu İspaniyada keçiriləcək Avropa Çempionatından öncə bir növ sınaq turniri hesab olunur, çünki bu yarışlar arasında digər əhəmiyyətli turnir olmayacaq”, - deyə, F.Qayıbov kubokda digər qitələr, o cümlədən Avstraliya və Amerikadan olan gimnastların iştirak edəcəyini əlavə edərək bildirib.

 “Təbii ki, biz öz idmançılarımıza güvənirik və çox çətin olsa da onların medal qazanmasına ümid edirik. Bakıda uğurla çıxış etmiş İlya Qrişunin hazırda yaxşı formadadır, bu yoxlama məşqində də aydın oldu, lakin ona psixoloji cəhətdən tab gətirmək lazımdır. Batut gimnastikasında əvvəlcədən proqnoz vermək mümkün deyil. Təbii ki, digər idmançılarımız Svetlana Makştarova – komandamızın liderinin də medal qazanmaq üçün şansı var, lakin yenə də hər şey onların əhvalından asılıdır. Necə deyərlər, doğma divarlar kömək edir, ancaq gərginlik də yüksək olacaq”, - deyə, Avropa Gimnastika İttifaqının vitse-prezidenti diqqətə çatdırıb.

Öz tərəfindən Azərbaycan Gimnastika Federasiyası da batut gimnastikası üzrə yığmanın məşqləri və inkişafı üçün hər cür şərait yaradıb. “Bu gimnastika növü hələ çox gəncdir. Cəmi iki ildir ki, Federasiya Azərbaycanda idmanın bu növünü inkişaf etdirir. Bizim ciddi planlarımız var – ev sahibliyi etdiyimiz Dünya Kuboku və yaxınlaşan Avropa Çempionatı. Daha sonra isə batut gimnastlarına növbəti ilə - yeni Olimpiya dövrəsinə hazırlaşmaq lazım gələcək. Ümumilikdə isə, biz hazırki yığmadan razıyıq”, - deyə F. Qayıbov bildirib.

“Vestnik Kavkaza”, 1 mart 2016-cı il