15 fevral 2022
Batut üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin fevralın 12-13-də paytaxtımızda batut gimnastikası üzrə keçirilən Dünya kuboku yarışları ilə bağlı fikirlərini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:
- Qarşımızda dayanan ilkin vəzifə finala vəsiqə əldə etmək idi. Bu mərhələni adladıqdan sonra diqqətimizi medal qazanmağa yönəltmişdik. Dünya kubokunda idmançılar yeni qaydaları sınaqdan keçirdilər. Mən deyərdim ki, bu qaydaların tətbiqi idmançıların çıxışlarına müsbət təsir göstərdi. Yeni qaydalar bizdən rəqiblərin çıxışlarını diqqətlə izləməyi tələb edir. Rəqibin xallarına əsasən biz idmançımızın daha çətin və ya asan kombinasiya üzrə çıxış etməsinə qərar veririk. Ümumiyyətlə, yarışlar ədalətli keçdi. Selcan gənclərdən böyüklərə yeni keçib. Bu baxımdan, öz üzərində daha çox işləməlidir. Qarşıda bizi bir sıra Dünya kubokları, iyunda İtaliyada keçiriləcək Avropa çempionatı və noyabrda Bolqarıstanda keçiriləcək dünya çempionatı gözləyir. Gələn ildən etibarən isə idmançılar Paris-2024 Olimpiya Oyunlarına lisenziya xalları toplamağa başlayacaqlar. Biz də Paris-2024-ə lisenziyanı təmin etməyə çalışacağıq.