Oktyabrın 26-sı və 27-də gimnastika növünün ən zərif nümayəndələri füsunkar təbiətə malik Qubada bir araya gələcəklər. Quba Olimpiya İdman Kompleksində keçiriləcək 28-ci Azərbaycan birinciliyində "Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edəcək 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaq.
Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşəcək. Fərdi gimnastlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu illər, eləcə də 2013-2015-ci illər təvəllüdlü gimnastlar da qoşulacaqlar.
Qeyd edək ki, AGF tərəfindən milli yarışların məhz bölgələrimizdə təşkili artıq ənənə halını alıb. Bölgə idmanının inkişafına yönələn bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya olan marağının artmasına xidmət edir. İnanırıq ki, gimnastlarımızın rəngarəng çıxışları zamanı kompleksdə yaşanacaq fərqli abu-hava Quba sakinlərinin böyük marağına səbəb olacaq.
Yarışlar haqda məlumatlar mütəmadi olaraq www.agf.az saytında yenilənəcək.
Yarışlar hər gün saat 10:00-da başlayacaq
Ünvan: Quba-Bakı magistralı, 4-cü km
Tel.: 0169-5-1517, 0169-5-29-85