İdman

gimnastikadan

başlayır

Qızıl payız mövsümünün rəngarəng çıxışları 

28 oktyabr 2023

Qızıl payız mövsümünün rəngarəng çıxışları 

Oktyabrın 26-sı və 27-də gimnastika növünün ən zərif nümayəndələri füsunkar təbiətə malik Qubada bir araya gəldilər. Quba Olimpiya İdman Kompleksində keçirilən  28-ci Azərbaycan birinciliyində 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizəyə qoşuldu. Yarışda qüvvələrini sınayan gimnastlar "Ocaq Sport” Klubunun paytaxtla yanaşı, Şamaxı və Zaqatala bölmələrini, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edirdilər.

Yarışın ilk günündə keçirilən Azərbaycan birinciliyinin açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək idmançılara uğurlar arzuladı.

Daha sonra gimnastların ifasında təqdim olunan maraqlı və rəngarəng kompozisiyadan ibarət nümunəvi çıxışlar tamaşaçıların marağına səbəb oldu. Qızıl payız mövsümünün gözəlliyindən ilham alan gimnastlar bu dəfə öz peşəkar çıxışlarını Quba sakinlərinə nümayiş etdirdilər.

Həmişə olduğu kimi, bu dəfə də zala toplaşmış azarkeşlər gimnastlarımızı böyük hərarətlə dəstəkləyirdi.

Bu, bir daha nümayiş etdirirdi ki, artıq bölgələrdə keçirilən yarışlarda çıxış etməyə alışmış gimnastlarımız Quba tamaşaçılarının da qəlbinə yol tapmağı bacarmışdılar.     

Yarışda idmançılar balacalar (2013, 2014, 2015-ci il təvəllüdlülər), yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2008-2010-cu il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə apardılar.

Qaliblər fərdi proqramda yaş qruplarına müvafiq olaraq çoxnövçülük üzrə müəyyənləşdi. Fərdi gimnastlara qrup hərəkətləri proqramında çıxış edən 2008-2010-cu illər, 2011-2012-ci il illər, eləcə də 2013-2015-ci illər təvəllüdlü gimnastlar da qoşuldular. Onlar da öz aralarında müvafiq yaş kateqoriyalarında qalibi müəyyənləşdirdilər.

Qeyd edək ki, AGF tərəfindən milli yarışların məhz bölgələrimizdə təşkili artıq ənənə halını alıb.

Qubada keçirilən Azərbaycan birinciliyi bu il AGF-nin bölgədə təşkil etdiyi üçüncü yarış oldu. Xatırladaq ki, federasiya tərəfindən bədii gimnastika üzrə may ayında Lənkəranda 7-cı bölgələrarası kubok, sentyabr ayında isə “Grace of nature” beynəlxalq turniri təşkil edilmişdi.