İdman

gimnastikadan

başlayır

“Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib”

18 iyul 2022

“Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib”

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın ölkəmizdə gimnastikanın inkişafı, 2022-ci ildə bu sahədə əldə olunan nailiyyətlərlə bağlı verdiyi müsahibəni oxucularımıza təqdim edirik.
- Mariana xanım, 2022-ci ilin ilk 6 ayı bir sıra əlamətdar idman hadisələri ilə yadda qalıb. İlk yarım ildə Azərbaycan gimnastlarının yarışlarda qazandıqları nəticələri necə qiymətləndirirsiniz? 
- Bu il Azərbaycan Gimnastika Federasiyası (AGF) Azərbaycanda 5 mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edib. Sevindirici haldır ki, bu yarışların hər birində uğurlu nəticələr əldə olunub. Hətta qazanılan bir sıra nəticələr tarixi nailiyyətlər kimi yaddaşlara həkk olunub. İlin ilk beynəlxalq yarışı olan batut gimnastikası üzrə Dünya kubokunda Azərbaycanda doğulub-böyüyən Selcan Mahsudova gümüş medala sahib olub. Bu, ölkəmizdə batut gimnastikasının inkişafından xəbər verir. Daha sonra akrobatlarımız uğurlu çıxışları ilə bizi sevindiriblər. Dünya yaş qrupları yarışlarındakı təmsilçilərimiz isə Azərbaycan himnini səsləndiriblər. Daha sonra isə bədii gimnastlarımız parlaq nəticəyə imza atıblar. İdmançılarımız həmçinin ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanmağa müvəffəq olublar. 
- Bu yaxınlarda İsrailin Tel-Əviv şəhərində keçirilən Avropa çempionatında bədii gimnastlarımızın çıxışlarından razı qaldınızmı? 
- Avropa çempionatı bədii gimnastlarımız üçün ilin ilk ciddi sınağı hesab olunurdu. Qitə çempionatında gənclərimiz fərdi və komanda yarışında, böyükyaşlı gimnastlarımız isə fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayıblar. Hər iki yaş qrupunda təmsilçilərimiz finala yüksəlməyi bacarıblar. Tarixdə ilk dəfə fərdi növdə çoxnövçülük üzrə azərbaycanlı gimnastlar qitə çempionatının ilk onluğuna düşməyi bacarıblar. Qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri uğurla çıxış edərək 3 bürünc medal əldə ediblər. Əlbəttə ki, bu, yüksək nəticədir. Əldə olunan nəticə gimnastlarımızın gələcəkdə daha yüksək nailiyyətlər qazanmaları üçün böyük təkan olacaq. 
- Qarşıda gimnastlarımızı Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunları gözləyir. Bu oyunlarda komandamızdan hansı nəticəni gözləyirsiniz? 
- Artıq ikinci dəfədir ki, bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramında yer alıb. Budəfəki Oyunların proqramında qrup hərəkətləri üzrə yarışlar da yer alıb. Əlbəttə ki, gimnastikanın oyunlarda təmsil olunması bizi sevindirir. Qeyd edim ki, məhz bu amil bu növün İslam ölkələri arasında inkişafı və populyarlaşması baxımından böyük əhəmiyyət kəsb edir. Artıq bu sahədə irəliləyişlər hiss olunur. Nəticələrə gəlincə, ümid edirəm ki, digər idman növləri ilə yanaşı, gimnastlarımız da onlara bəslənilən ümidləri doğruldacaqlar. Əlbəttə ki, idmanda proqnoz vermək çətindir. Bəzən idmançıdan asılı olmayaraq, nəticə istənilən kimi olmur. İlk növbədə, gimnastlarımızdan qüsursuz çıxış gözləyirik. Belə olan halda uğurlu nəticəyə də ümid etmək olar. 
- Regionlara müntəzəm olaraq səfər edirsiniz. Bölgələrdə gimnastikanın inkişafı sizi qane edirmi? 
Gənclər və idman naziri Fərid Qayıbov regionlarda idmanın inkişafını daim nəzarətdə saxlayır. Mütəmadi olaraq rayonlara səfər edir, müxtəlif idman növləri üzrə bölmələrin inkişafı ilə maraqlanırıq. Digər idman növləri ilə yanaşı, gimnastlarımızın bölgələrdəki məşq prosesi bizi sevindirir. Məşqçilər məşqlərə çox ciddi yanaşır, idmançılar nizam-intizama ciddi riayiət edirlər. Gördüklərimə əasaən deyə bilərəm ki, bu inkişaf valideynləri də sevindirir. 10 il əvvəl regionlarda qızların bədii gimnastika ilə məşğul olmasını görmək çox çətin idi. 2011-ci ildə biz Göyçayda ilk gimnastika bölməsini açdıq. Hazırda 26 bölgədə gimnastika bölməsi fəaliyyət göstərir. Valideynlər öz övladlarını böyük həvəslə gimnastika bölmələrinə yazdırırlar. 
- Mariana xanım, gimnastikada perspektivli yeniyetmə və gənc nəsil yetişirmi? 
- Paytaxtla yanaşı, regionlarda gimnastikanın inkişafı, bu sahədə əldə olunan populyarlıq və kütləvilik, eləcə də kiçik yaş qruplarında qazanılan uğurlara əsasən deyə bilərəm ki, perspektivli gənc nəsil, ehtiyat qüvvə yetişməkdədir. Düzdür, son illərdə pandemiya idmanın inkişafına təsirsiz ötüşməyib. Amma bu çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilib. İdmançılarımız pandemiya dövründə onlayn qaydada, daha sonra isə açıq havada məşqlərini davam etdiriblər. Deyərdim ki, pandemiya dövründə idmanı tərk edən gimnastların sayı çox az oldu. May ayında 3 illik fasilədən sonra keçirilən respublika çempionatını izlədim. Əlbəttə ki, keyfiyyət istədiyimiz qədər yüksək deyil. Amma idmançıların formalarını tam bərpa etmələri üçün bir sıra tədbirlər görülür. Paytaxt və regionlarda elit gimnastlarımızın iştirakı ilə mütəmadi master-klasslar təşkil olunur, məşqçilərimiz onların hazırlığını diqqət mərkəzində saxlayırlar. 
- Bu gün bədii gimnastika dünyada və Avropada necə inkişaf edir? 
- Bu gün gimnastika bütün dünyada çox sürətli templə inkişaf edir. Bədii gimnastika üzrə keçirilən sonuncu Avropa çempionatında 39 ölkədən 286 idmançı iştirak etdi. Bu yarışa Bosniya və Herseqovina, San-Marino, Lüksemburq, Monteneqro kimi ölkələr qatılmışdılar. İştirakçı ölkələrin say çoxluğu gimnastikaya olan marağın və inkişafın göstəricilərindəndir. 
- Bu il AGF yenidən qurulmasının 20 illik yubileyini qeyd edəcək. Federasiyanın bu illər ərzindəki fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. 
- Mən deyərdim ki, AGF-nin fəaliyyətinə artıq bütün dünya qiymət verib. Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib. Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi dəstəyi və bizə inamı sayəsində mümkün olmayanlar mümkünə çevrilib. Mehriban xanımın digər sahələrlə yanaşı, idmandakı fəaliyyəti, onun uşaqlara, idmançılara olan sevgisi bizim üçün nümunədir. Məhz bu diqqət və qayğı, sevgi, öz işinə olan peşəkar və məsuliyyətli yanaşma bizə necə işləməli olduğumuzu nümayiş etdirir. Bu gün ölkəmizdə gimnastikanın 9 növü inkişaf etdirilir, Azərbaycan dünya səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Bədii gimnastika Azərbaycanda qızların ən çox məşğul olduğu idman növünə çevrilib, bütün gimnastika növlərində idmançılarımız uğurlu nəticələr qazanırlar. Sevindirici haldır ki, artıq yerli peşəkar kadrlarımız yetişib. Bu uğurların nəticəsidir ki, AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib. Əlbəttə ki, bütün bunlar federasiyanın həyata keçirdiyi düzgün strategiya sayəsində mümkün olmuşdur. Sözsüz ki, gimnastikada əldə olunan uğurlarla fəxr edirəm.