İdman

gimnastikadan

başlayır

“Bu, təkcə gimnastikaya deyil, insanlara, ailələrə, bir sözlə, hər kəsə göstərilən qayğı deməkdir” 

18 oktyabr 2022

“Bu, təkcə gimnastikaya deyil, insanlara, ailələrə, bir sözlə, hər kəsə göstərilən qayğı deməkdir” 

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti Xüsusi Olimpiya üzrə məşqçilik (bədii gimnastika, gimnastika hamı üçün) və hakimlik (bədii gimnastika) kurslarını keçmək üçün ölkəmizə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura ilə müsahibəni təqdim edir.
-    Sofiya xanım, Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüz barədə bir qədər məlumat verərdiniz. 
-    Mən bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim və Xüsusi Olimpiya üzrə mütəxəssisəm. 2019-cu ildə Abu-Dabidə keçirilən Ümumdünya Oyunlarında Texniki nümayəndə olmuşam. 2023-cü ildə Berlində təşkil ediləcək eyni yarışda da bu vəzifəni icra edəcəyəm. 
Buraya Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva tərəfindən bədii gimnastika üzrə Xüsusi Olimpiya Hərəkatının inkişafına dəstək olmaq məqsədilə dəvət olunmuşam. Bu sahənin inkişafı həm də əqli və sağlamlıq imkanları məhdud olan uşaqlara sahib olan ailələr üçün də çox vacibdir. Ona görə vacibdir ki, adətən, belə uşaqlar evdən kənara çıxmırlar. Ailələr bilmirlər ki, uşaqları idmanla məşğul ola, böyük uğurlar qazana bilər. Uşaqların digər gimnastlarla, idmançılarla ünsiyyətdə olmaları onların sağlamlığı üçün çox vacib və faydalıdır. Necə deyərlər, bu, uğur qazanmaq üçün onlara verilən bir imkandır. Bədii gimnastikada təkcə uşaqlar deyil, həmçinin böyüklər də idmana cəlb oluna bilərlər. Mən Abu-Dabidə (Ümumdünya Oyunları) olarkən, 62 yaşlı bir gimnastın yarışda yüksək səviyyədə çıxış etdiyini gördüm. Xüsusilə o, hərəkətlərin yaxşı icrası ilə fərqlənirdi. Bu, idmançının Oyunlarda sonuncu iştirakı idi. Onun 62 yaşı var idi. Demək istəyirəm ki, uşaqlar, böyüklər və ya daha yaşlı insanlar, heç kim istisna olmamalıdır.
⁃ İdmanın Xüsusi Olimpiya Hərəkatına aid uşaqlara müsbət təsirindən danışdınız. Maraqlıdır, bu sahədə gimnastika ilə məşğul olmağın digər idman növlərindən əsas fərqi nədir?
-    Əsas fərq ondadır ki, bu cür uşaqlar mütləq musiqi ilə işləməli, ritmə əməl etməli, proqramlarını əzbərləməli,  nizam-intizamlı olmağı öyrənməlidirlər. Bunlar, xüsusi tələblərdir. Bununla yanaşı, həm musiqi, həm də digər gimnastlarla birgə məşq onları hərəkətləri sevinclə yerinə yetirməyə sövq edir və sağlamlığa, əhval-ruhiyyəyə müsbət təsir göstərir. Əlbəttə ki, təkcə xüsusi olimpiya növləri deyil, bütün idman növləri insanın sağlamlığı üçün çox vacibdir. Məlumdur ki, idmanın sosiallaşma, sağlamlıq, həyati, eləcə də, həyat keyfiyyətinin artırılması baxımdan üstünlükləri çoxdur.
⁃ Bu sahədə beynəlxalq təcrübənizi bizimlə bölüşərdiniz.  
-    Deyərdim ki, bu gün mən xoşbəxt insanam. Çünki 2011-ci ildə Afinada keçirilən Ümumdünya Oyunlarından əvvəl, 2010-cu ildə təşkil edilən sınaq yarışında Xüsusi Olimpiya Hərəkatı ilə tanış olmuşam. Orada Ərəb Əmirliklərinin Xüsusi Olimpiya Hərəkatında bədii gimnastika üzrə Texniki nümayəndəsi ilə görüşmək imkanı əldə etdim. O, məni Xüsusi Olimpiya Hərəkatında bədii gimnastika ilə tanış etdi. Həmin dövrdən etibarən mən Xüsusi Olimpiya Hərəkatına daxil olan bədii gimnastikaya necə deyərlər, aşiq oldum. Bu növ öz fəlsəfəsinə görə fərqlənir. Bu fəlsəfə, əsasən, mükafatlandırma ilə bağlıdır. Biz cərimə tətbiq etmirik, sadəcə, mükafatlandırırıq. Bu, çox vacibdir. Məhz buna görə bütün gimnastlar uğur qazana bilirlər. Bizim qruplarımız mövcuddur. Gimnastları kateqoriyalara görə fərqləndiririk. Hər kəs maksimum 8 kateqoriya üzrə mükafatlandırılır. İlk üç yerə medal, 4-8-ci yerlərin sahiblərinə isə mükafat olaraq lentlər təqdim olunur. Bir sözlə, hər kəs mükafata layiq görülür. 
⁃ Azərbaycanda keçirdiyiniz kurslar və ölkəmiz barədə fikirlərinizi öyrənmək istərdik.
-    Mən çox şadam ki, doqquz məşqçiniz kurslarda iştirak edir. Onlar artıq dərəcədə diqqətlidirlər, bütün fikirlərini kurslara cəmləyirlər, suallar verirlər, Xüsusi Olimpiya Hərəkatı barədə hər şeyi öyrənmək istəyirlər. Mən çox sevinirəm, çünki burada sizin gimnastlarınızı da görürəm. Onların yüksək hazırlıq səviyyəsində olmaları məni yaxşı mənada təəccübləndirdi. Xüsusi Olimpiya yarışlarında qızlar bədii gimnastika, oğlanlar isə məsələn, idman gimnastikası və ya digər idman növündə iştirak edərək uğur və çoxlu fayda əldə edə bilərlər. 
Azərbaycan haqqında təəssüratlarıma gəlincə, mən 38 ildən artıqdır ki, beynəlxalq dərəcəli hakiməm. Deyə bilərəm ki, AGF-də böyük inkişaf var. Burada hər kəsə qayğı ilə yanaşılır. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın bu sahəyə göstərdiyi diqqət təkcə gimnastikaya və idmançılara deyil, həm də insanlara, ailələrə, bir sözlə, hər kəsə göstərilən qayğı deməkdir. Bu kursların təşkili məşqçilərə Xüsusi Olimpiya üzrə idman gimnastikası, bədii gimnastika və gimnastika hamı üçün növündə işləməyə və insanları gimnastikaya cəlb etməyə şərait yaradır. 
-    Xüsusi Olimpiya Hərəkatını bir cümlə ilə necə ifadə edərdiniz?
-    Mən Xüsusi Olimpiya Hərəkatının şüarını təkararlamaq istərdim: “Mənə qalib gəlməyə icazə verin, əgər bacarmasam, mənə bu cəhdimdə cəsarətli olmaq imkanı verin”. Bu, Xüsusi Olimpiya Hərəkatının əsas fəlsəfəsini təşkil edir. Bütün dünyada Xüsusi Olimpiya Hərəkatının üzvü olan hər kəs üçün bu, çox vacibdir. 
-    Xüsusi Olimpiya sahəsində çalışan mütəxəssislərə hansı tövsiyələri vermək istərdiniz? 
-    Məşqçilərə daha çox sevgi nümayiş etdirməyi, səbrli, cəsarətli olmağı, səy göstərməyi, çıxış zamanı idmançıları bağrına basmalarını, onlara tez-tez “əhsən” deməyi, təbrik etmələrini məsləhət görürəm. Çünki hər bir gimnast çox çalışır. Ola bilər ki, bir gimnast çox, digəri isə az səy göstərir. Məşq zamanı onlar öyrənirlər. Əsas məqsəd onların  həyatlarının dəyərli olduğunu anlamalarıdır. Bu, həm onlar üçün, həm də cəmiyyət üçün çox vacibdir. Məşqçilərin nümayiş etdirdikləri sevgi insanların Xüsusi Olimpiya haqqında düşüncələrini dəyişdirir. Onlar normal insanlardan heç də fərqlənmirlər. Yeganə fərq psixoloji durumla bağlıdır. Onlar da hər kəs kimi ağrı hissi keçirir, sevgi hissinə malikdir və hər birimiz kimi yaşayır. Biz onlara evdən çölə çıxaraq gimnastika ilə məşğul olmaq imkanı və şəraiti yaratmalıyıq.