İdman
gimnastikadan
başlayır
19 oktyabr 2025
14–18 oktyabr tarixlərində Bakıda, Milli Gimnastika Arenasında Avropa Gimnastikasının bədii gimnastika üzrə təlim-məşq toplanışı keçirilib.
Toplanışda Azərbaycan və Slovakiyadan olan bədii gimnastika üzrə qrup hərəkətləri komandaları, onların məşqçiləri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər. Ekspert qismində bədii gimnastika üzrə Fransa milli komandasının məşqçiləri Anna Baranova və Sara Bayon, Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Yevgeniya Vilyayeva yer alıblar.
Təlim-məşq toplanışı müddətində gimnastlar texniki və fiziki hazırlıqlarını artırmaq, yeni hərəkət elementlərini mənimsəmək və çıxışlarını daha mükəmməl səviyyəyə çatdırmaq məqsədilə intensiv məşqlərə qatılıblar.
Toplanışın əsas məqsədi iştirakçı gimnastların beynəlxalq yarışlara daha peşəkar şəkildə hazırlanması, onların texniki və fiziki potensialının gücləndirilməsi, həmçinin ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi olub. Bu cür tədbirlər həm idmançılar, həm də məşqçilər üçün bilik və bacarıqların təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil edilib. Ölkəmizə gələn gimnastlar və ekspertlər Bakının tarixi və müasir simasını əks etdirən görməli yerlərinə ekskursiya edərək, Azərbaycanın zəngin tarixi, memarlığı və sürətli inkişafı haqqında ətraflı məlumat əldə ediblər.