İdman

gimnastikadan

başlayır

"Gənc gimnastlarınıza gözucu baxdıqda sadəcə həsəd aparıram"

27 may 2024

Budapeştdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatına yekun vurulsa da, hələ də gimnastların heyranedici çıxışlarının təsirində qaldığımızı deməliyik. Bu səbəbdən yarışda çıxış edən komandalar arasında çempionata hazırlıq üçün ölkəmizdə qonaq olan Litva millisinin məşqçisi ilə olan müsahibəni sizə təqdim edirik. 

Bakıya xoş gəlmişsiniz. Zəhmət olmazsa, özünüzü təqdim edin.
Mənim adım Rasa Jidonienedir. Litvadanam. Mən sizin ölkəyə, necə deyərlər, məşq etmək, qonaq olmaq və Avropa Çempionatına hazırlaşmaq üçün gəlmişəm.

Hazırlığınız necə keçir? Nəçə gimnast yarışa hazırlaşır?
Hazırda iki atletlə təlim-məşq toplanışına gəlmişəm. Lakin gimnastlarımdan yalnız biri Avropa birinciliyində iştirak edəcək.

Bakı ilə bağlı təəssüratlarınızı bilmək istərdik. Bu sizin ilk səfərinizdirmi?
Səhv etmirəmsə, bu mənim dördüncü və ya beşinci səfərimdir. Buranı çox bəyənirəm. Ən əsası insanlarını. Onlar çox səmimi, təbəssümlü, nəzakətlidirlər. Hər dəfə sizə əl uzatmağa, hər zaman kömək etməyə hazırdırlar. Deyərdim ki, burada şərait əladır. Məşqçilər və xoreoqrafların peşəkarlığı çox yüksək səviyyədədir. Biz hamımız onlardan öyrənirik. Çox şadam ki, məni bura dəvət etdilər.

Dediniz ki, bu, Bakıya ilk səfəriniz deyil. Azərbaycanda gimnastikanın son dövrlərdəki inkişafını dəyərləndirə bilərsinizmi?
Əlbəttə. Hələ də yadımdadır ki, 15 il bundan əvvəl mən burada olanda gimnastikanın inkişaf səviyyəsi və ümumilikdə, şəhər çox fərqli idi. Hər tərəf gündən-günə gözəlləşir. Hazırda gənc gimnastlarınıza gözucu baxdıqda sadəcə həsəd aparıram. Onlar çox möhtəşəmdirlər. 

Gələcək nəslə nə tövsiyə etmək istərdiniz? İdmanda necə müvəffəqiyyətə nail olmaq mümkündür?
Mənim fikrimcə, bu, komanda işidir. Komanda varsa, necə deyərlər, əlin beş barmağı varsa, deməli, o, tuta, mübarizə apara və irəliləyə bilər. Məhz bu sözügedən komanda işini burada gördüm. Xoreoqraflar, məşqçilər, masajçı və terapevtlər, bir sözlə, lazım olan hər bir şərait mövcuddur. Uğur üçün ən mühüm olan isə bunlardır. Yaradılan şərait sadəcə heyrətamizdir.

Çox sağ olun.