İdman

gimnastikadan

başlayır

Kolumbiya səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir

16 fevral 2020

Kolumbiya səfiri: Azərbaycanda idmana böyük diqqət göstərilir

Azərbaycanda idmana böyük diqqət göstərilir. Bunu Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib.

Səfir batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edən Kolumbiya nümayəndə heyətinin nümayəndələri ilə görüş keçirdiyini bildirib:

"Onlar Azərbaycanda idmançılar üçün yaradılan şəraitdən məmnun qalıblar. Yarışların gözəl şəkildə təşkili ilə əlaqədar Azərbaycanı təbrik edirəm".

Luis Antonio Dimate Kardenas Bakıdakı Milli Gimnastika Arenasından məmnun olduğunu vurğulayıb:

"Bakıdakı gimnastika arenası geniş və gözəldir, onun imkanları heyrətləndirir, istəyirəm ki, hər ölkənin oxşar meydançaları olsun".

 

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə aparacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.