27 noyabr 2023
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Avropa Gimnastikasının akrobatika gimnastikası üzrə Texniki Komitəsinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı, Bolqarıstanın Sofiya şəhərində yerləşən Vassil Levski adına Milli İdman Akademiyasının dosent əvəzi, fəlsəfə doktoru Nikolay İvanov ilə müsahibəni təqdim edir.
- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Hər kəsi salamlayıram. Mənim adım Nikolay İvanovdur. Mən əslən bolqarıstanlıyam. Sofiyada Vasil Levski adına Milli İdman Akademiyasında baş müəllim kimi fəaliyyət göstərirəm. Həmçinin Bolqarıstanda məşqçi kimi işləyirəm və - - - Avropa Gimnastikasının Texniki Komitəsinin üzvüyəm. Universitetdən aldığım dəvətlə bağlı buraya gəlmişəm.
- Səfərinizin məqsədi ilə bağlı məlumat verərdiniz.
- Biz burada bir neçə ustad dərsi keçirdik. Sabah da akademiyada ustad dərslərimiz davam edəcək. Bu gün isə biz gimnastika zalındayıq.
Azərbaycanda akrobatika gimnastikasının inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
Azərbaycanda akrobatika gimnastikası yüksək səviyyədə inkişaf edib. Ümid edirəm ki, burada müəyyən metodologiya və keçirəcəyim təlimlərlə onlara faydalı ola biləcəyəm.
- Burada hansı məşqləri keçdiniz?
- Biz artıq isinmə hərəkətləri və fərdi məşqləri yerinə yetirdik. Bundan sonra isə qarışıq cütlük, qadın qrupları tərəfdaşları ilə birgə məşqləri yerinə yetirəcəklər. Daha sonra idmançılar balans və temp hərəkətlərini icra edəcəklər.
- Buyaxınlarda Azərbaycan gimnastları Avropa çempionatında uğurlu çıxış etdilər. Onların çıxışları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Həmin yarışda münsiflər heyətinin tərkibində yer almışdım. Beynəlxalq hakim kimi mənim də fikrim onları qiymətləndirən digər hakimlərlə eynidir. İdmançılarınızdan bir neçəsi Avropa çempionatında birinci yeri qazandı, bu isə artıq yüksək səviyyə deməkdir. Düşünürəm ki, artıq söz deməyə ehtiyac yoxdur.
- İdmanda hansı nailiyyətlər qazanmısınız?
- İllər öncə, təxminən on beş il bundan oncə kişilər arasında Avropa çempionatında ikinci olmuşam. Bu 2009-cu ildə olub, onda mənim on dörd yaşım var idi.
- İdmançılara nə tövsiyə edirsiniz?
- İlk növbədə, hər kəs öz maksimal imkanlarından istifadə edərək istəyinə nail olmalıdır. Bu, ən vacibidir.
- Düzdür, bəzən genetik amillər də rol oynayır. Uğur qazanmaq həmçinin gərgin işin bəhrəsidir. Bu, idmandır. Xüsusi olaraq gimnastika təkcə fiziki qabiliyyətdən deyil, bir çox bacarıqlardan asılıdır. Xüsusilə, bu bacarıqlar insana bir ömür boyu lazım olur. Bunlar iradə gücü, təslim olmamaq, çətinliyin nə demək olduğunu bilməkdir. Beləliklə, bu cür məqamlar mənim üçün çox vacibdir, çünki bilirsiniz ki, peşəkar idman çox şey deməkdir. Məşqçilər, xoreoqraflar bu sahəni bitirdikdən sonra başqa bir peşə ilə məşğul olsalar belə, hər zaman yüksək bacarıqlara sahib olacaqlar. Məsələn, burada 11-12 yaşlı kiçik uşaqlar var ki, onlar bu yaşda böyük səy nümayiş etdirirlər. Bu, insan üçün çox vacibdir. Mən deyərdim ki, ümumiyyətlə, onlar çox güclüdürlər.
- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Bir il bundan öncə Avropa çempionatında beynəlxalq hakim kimi burada olmuşam. Həmçinin Bakıda keçirilən ilk Avropa Oyunları zamanı və əsas oyunlar öncəsi yarışa hazırlıq prosesi zamanı Bakıya səfər etmişəm. Bura çox möhtəşəmdir. Buradakı şəraiti bəyənirəm. İlk dəfədir ki, bu zaldayam. Burada şərait çox gözəldir, ab-hava yüksəkdir. Mən bədii gimnastika, idman gimnastikası, tamblinq və bütün gimnastika növləri ilə işləməyi çox sevirəm. Düşünürəm ki, onların birlikdə məşq etmələri çox yaxşıdır. Siz bilirsiniz ki, bizim idmanda məşq müddəti uzun olur və insana çox çətin gəlir. Çünki idmançılar idman zalında saatlarla vaxt keçirirlər və bu, onlar üçün o qədər də asan gəlmir. Digər gimnastika növləri ilə əlaqədə olmaq onlar üçün çətinliyi bir qədər yüngülləşdirir. Onlar burada bir-birləri ilə ünsiyyət qurur. Bu, çox vacib məqamlardan biridir. Bir sözlə, burada ab-hava yüksəkdir.