25 may 2010
Olimpiya çempionu Alina Kabayevanın xeyriyyə fondu bədii gimnastikanın gənc pərəstişkarlarına möhtəşəm bayram hədiyyə edib. Rusiyanın paytaxtı Moskva şəhərində II beynəlxalq "Alina" festivalı keçirilib. Bu təmtəraqlı şounun coğrafiyası qarışıq idi: Moskva, Bakı, Daşkənd, Kazan, Astana, Gelencik, Volqaqrad, Nijni-Novqorod, Novosibirsk, Minsk, Sxinval... Festival yetim, əlil, kasıb ailələrdən, uşaq evləri və internat-məktəblərdən olan uşaqlar üçün hədiyyə idi.
Tədbirin aparıcıları Dmitri Quberniyev və Maşa Pestunova qeyd etdilər ki, Rusiyada ilk çempionat - Leninqrad birinciliyi - 1941-ci ilin aprel ayında, İkinci Dünya müharibəsinin başlanmasına iki ay qalmış keçirilib. "Müharibə həyatın bütün sahələrinə, o cümlədən, bədii gimnastikaya da ağır zərbə endirmişdi. Bu gözəl idman növünün inkişafı ölkəmizdə dayandırılmışdı. Lakin xalq mübarizə apardı və nəticədə? qalib gəlməyi bacardı. Artıq 1948-ci ildə gələcək nəsillər üçün yol açan böyükmiqyaslı SSRİ çempionatı keçirildi".
Gənc "idmançılar və gözəllər" səhnədə soffitlərin işığı altında zərif və iti fiqurlarla mürəkkəb hərəkətləri çox asanlıqla və incə şəkildə yerinə yetirdilər. Kiçik qruplardan olan balaca qızcığazlar gimnastika xalçasının üzərində kiçik, zərif addımlarla hərəkət edərək, ilk nailiyyətlərini nümayiş etdirdilər. Festivalda gimnastları uşaq musiqi müsabiqəsinin qalibləri "Yeni Dalğa" və estradanın ulduzları musiqi ilə müşayiət edirdilər.Tədbirdə Alina Kabayeva və onun ardıcılları olan "alinaçılar"ı Valeriya, Sergey Mazayev, Dima Bilan, tamara Qverdçiteli, Sergey Lazarev, "A-studio" dəstəkləyirdilər. Ritmik gimnastika üzrə üçqat dünya çempionu Aleksandr Buklovun rəhbərlik etdiyi Moskva və Novosibirskdən olan musiqiçi uşaqlar Aleksandrov adına Rusiya ordusunun akademik mahnı və rəqs ansamblının müşayiəti ilə məşhur "Qarabəniz" musiqisini ifa etdilər. Festival bədii gimnastika üzrə Azərbaycan qrup komandası qızlarının möhtəşəm çıxışı ilə başa çatdı.
"Mənim arzum yerinə yetdi. Balaca gimnastların öz istedadlarını nümayiş etdirməsi üçün bədii gimnastika üzrə uşaq festivalını təşkil etməyi çoxdan arzu edirdim və istəyirəm, münsiflər heyətinin verdiyi qiymətdən heç kim pərişan olmasın, sadəcə olaraq, öz sevimli peşəsindən və dostlarla ünsiyyətdən zövq alsın. İrəli! Yeni qələbələrə doğru! Bizim böyük Rusiyamız naminə!"
- səhnədən Alina Kabayeva çıxış edirdi. Festivalın təşkilatçısı üç il ərzində birinci dəfə olaraq tamaşaçılar qarşısında özü çıxış etdi. Xalq öz sevimli gimnastını sürəkli alqışlarla mükafatlandırdı.
“Exo Planetı” jurnalı